“Paşa Kapital”da 17 milyardlıq eniş - İsi Mustafayev çətin sınaq qarşısında

“Paşa Kapital”da 17 milyardlıq eniş - İsi Mustafayev çətin sınaq qarşısında

Yulduz Səlimov · İqtisadiyyat ·

Bu ilin birinci yarısında "Paşa Kapital İnvestisiya Şirkəti" ASC Bakı Fond Birjasında 7 milyard 619,3 milyon manat həcmində əməliyyat həyata keçirib.

Bu ötən ilin eyni dövrü ilə müqayisədə 16 milyard 840,6 milyon manat və ya 68,8% azdır.

Belə ki, 2025-ci ilin ilk yarısında şirkətin birjadakı əməliyyatlarının həcmi 24 milyard 459,9 milyon manat olub. Beləliklə, şirkətin daxili birja dövriyyəsi illik müqayisədə 3,2 dəfə azalıb.

Hesabat dövründə şirkətin vasitəçiliyi ilə bağlanan əqdlərin sayı 3 891-dən 39 889-a yüksəlib. Nəticədə, bir əqdin orta məbləği ötən ilin ilk yarısındakı 6,29 milyon manatdan bu ilin ilk yarısında 191 min manata enib.

Dövriyyənin strukturunda ən böyük pay 6 milyard 450,3 milyon manatla repo əməliyyatlarının payına düşüb. Bundan başqa, 613,1 milyon manat dövlət istiqrazları, 288 milyon manat korporativ istiqrazlar, 170,1 milyon manat ARMB qiymətli kağızları və 97,8 milyon manat səhmlərlə əməliyyatlar həyata keçirilib.

Rəqəmlərin təhlili göstərir ki, şirkətin daxili birja dövriyyəsinin azalması bütün əsas maliyyə alətləri üzrə əməliyyat həcminin aşağı düşməsi ilə əlaqədardır. Ən böyük azalma repo əməliyyatlarında qeydə alınıb. Belə ki, repo əməliyyatlarının həcmi 19,87 milyard manatdan 6,45 milyard manata enərək 67,5% azalıb. Dövlət istiqrazları üzrə dövriyyə 3,14 milyard manatdan 613,1 milyon manata (80,5%), korporativ istiqrazlar üzrə 981,2 milyon manatdan 288 milyon manata (70,6%), ARMB qiymətli kağızları üzrə isə 456,1 milyon manatdan 170,1 milyon manata (62,7%) düşüb. Bunun əksinə olaraq, səhmlərlə əməliyyatların həcmi 4,5 milyon manatdan 97,8 milyon manata yüksələrək təxminən 21,6 dəfə artıb. Lakin səhmlərin ümumi dövriyyədə payı cəmi 1,3% olduğundan bu artım ümumi dövriyyədəki azalmanı kompensasiya etməyib.

Əqdlərin sayının 10 dəfədən çox artması isə bazarda iri məbləğli sövdələşmələrin payının azalaraq daha çox sayda, lakin kiçik həcmli əməliyyatların həyata keçirildiyini göstərir.

Qeyd edək ki, "Paşa Kapital" 2025-ci ili müsbət maliyyə nəticələri ilə başa vursa da, 2026-cı ilin ilk yarısında Bakı Fond Birjasında vasitəçilik etdiyi əməliyyatların həcmində əhəmiyyətli azalma qeydə alınıb. Bu ilin iyun ayında şirkətdə idarəetmə modelində də dəyişiklik edilib. Belə ki, İdarə Heyətinin sədri Ceyhun Hacıyev vəzifəsindən ayrılıb, İdarə Heyəti ləğv edilərək təkbaşına icra orqanı yaradılıb. Səhmdarların qərarı ilə İsi Mustafayev Baş İcraçı direktor (CEO), Elnur Fətullayev isə Baş İcraçı direktorun müavini təyin olunub. Açıqlanan göstəricilər yeni rəhbərlik qarşısında şirkətin kapital bazarındakı əməliyyat həcmlərinin artırılması və bazar aktivliyinin bərpası istiqamətində mühüm vəzifələrin dayandığını göstərir.

Plat.az