“PAŞA Bank” biznesdən pullarını yığa bilmir? - 141 milyonluq gecikmə

“PAŞA Bank” biznesdən pullarını yığa bilmir? - 141 milyonluq gecikmə

Aytac Dəniz · İqtisadiyyat ·

“PAŞA Bank”ın vaxtı keçmiş kreditlərinin həcmi 2026-cı ilin ilk yarısında əhəmiyyətli dərəcədə artıb.

Bankın kredit riski üzrə açıqladığı məlumatlara əsasən, 2025-ci ilin sonunda vaxtı keçmiş kreditlərin həcmi 84 milyon 836 min manat olduğu halda, 2026-cı il iyunun sonunda 141 milyon 486 min manata yüksəlib.

Qeyd edək ki, hesablamada 30 gündən artıq gecikməsi olan kreditlər vaxtı keçmiş kreditlər kimi nəzərə alınıb.

Beləliklə, ilin əvvəli ilə müqayisədə vaxtı keçmiş kreditlərin həcmi 56 milyon 650 min manat və ya 66,8% artıb.

Bu dövrdə bankın ümumi kredit portfeli də böyüyüb. Kredit portfeli 2025-ci ilin sonundakı 3 milyard 432 milyon 35 min manatdan 2026-cı ilin iyunun sonunda 3 milyard 624 milyon 791 min manata çatıb. Bununla belə, vaxtı keçmiş kreditlərin portfeldə xüsusi çəkisi 2,5%-dən 3,9%-ə yüksəlib.

Vaxtı keçmiş kreditlərin strukturunda əsas pay biznes kreditlərinin üzərinə düşür. Biznes kreditləri üzrə vaxtı keçmiş borclar 83 milyon 318 min manatdan 139 milyon 707 min manata yüksəlib. Beləliklə, bu kateqoriyada artım 56 milyon 389 min manat və ya 67,7% təşkil edib.

İstehlak kreditləri üzrə isə əks dinamika qeydə alınıb. Bu kateqoriyada vaxtı keçmiş kreditlər 1 milyon 181 min manatdan 977 min manata düşüb. Bu, 204 min manat və ya 17,3% azalma deməkdir.

Daşınmaz əmlak kreditləri üzrə vaxtı keçmiş borcların həcmi isə 337 min manatdan 803 min manata yüksəlib. Başqa sözlə, bu kreditlər 466 min manat və ya 2,4 dəfə artıb.

Bankın uzunmüddətli gecikmələrində də artım müşahidə olunub. Bir ildən artıq gecikmiş kreditlərin həcmi 2025-ci ilin sonundakı 38 milyon 674 min manatdan 2026-cı ilin iyunun sonunda 43 milyon 754 min manata yüksəlib. Bu, 5 milyon 80 min manat və ya 13,1% artım deməkdir.

Bir ildən artıq gecikmiş kreditlərin 43 milyon 529 min manatı biznes kreditlərinin, 225 min manatı istehlak kreditlərinin payına düşüb. Daşınmaz əmlak kreditləri üzrə isə bir ildən artıq gecikmiş borc qeydə alınmayıb.

Beləliklə, “PAŞA Bank”da vaxtı keçmiş kreditlərin artımı əsasən biznes kreditləri hesabına baş verib.

Plat.az