Pakistan Hərbi Dəniz Qüvvələri Oman dənizi istiqamətində texniki nasazlıq səbəbindən çətin vəziyyətdə qalan Hindistan ekipajına yardım göstərib. Xilasetmə əməliyyatı koordinasiyalı şəkildə həyata keçirilib.
Redaksiya Dawn, Geo News və Indian Express-ə istinadla xəbər verir ki, MV Gautam adlı gəmi Omandan Hindistana hərəkət edərkən dənizdə texniki problem yaşayıb. Hadisədən sonra Mumbaydakı Dəniz Xilasetmə və Koordinasiya Mərkəzi Pakistan tərəfinə müraciət edib.
Təcili çağırışdan sonra Pakistan Dəniz Təhlükəsizliyi Agentliyinin “Kəşmir” gəmisi yardım üçün əraziyə göndərilib. Gəmidə olan altı Hindistan və bir İndoneziya vətəndaşına ərzaq, tibbi yardım və texniki dəstək göstərilib.
Pakistan tərəfi əməliyyatı humanitar dəniz xilasetmə missiyası kimi təqdim edib. Bildirilib ki, Pakistan Hərbi Dəniz Qüvvələri və Dəniz Təhlükəsizliyi Agentliyi region sularında fövqəladə vəziyyətlərə cavab verməyə hazırdır.
Hadisə Hindistan və Pakistan arasında siyasi gərginliyə baxmayaraq, dəniz təhlükəsizliyi sahəsində humanitar əməkdaşlığın mümkün olduğunu göstərən nümunə kimi qiymətləndirilir.
