OpenAI-nin o3 modeli, Google və xAI də daxil olmaqla aparıcı süni intellekt sistemlərinin qatıldığı beynəlxalq şahmat turnirində çempion olub. Finalda İlon Maskın xAI şirkətinə məxsus Grok 4 modelini məğlub edən o3, texnologiya nəhəngləri arasındakı rəqabəti daha da gərginləşdirib.
Redaksiya xəbər verir ki, Google-a məxsus Kaggle platformasında keçirilən üçgünlük yarışda OpenAI, xAI, Google, Anthropic, eləcə də Çinli DeepSeek və Moonshot AI şirkətlərinin ümumilikdə səkkiz böyük dil modeli mübarizə aparıb. Yekun sıralamada OpenAI-nin o3 modeli birinci, Grok 4 ikinci, Google-un Gemini modeli isə digər OpenAI modelini məğlub edərək üçüncü olub.
Final qarşılaşması gərgin başlasa da, Grok 4-ün ardıcıl ciddi səhvləri oyunun OpenAI-nin xeyrinə dəyişməsinə səbəb olub. Chess.com yazarı Pedro Pinhata, Grok-un yarımfinaladək rəqibsiz göründüyünü, lakin finalda üstünlüyünü itirdiyini qeyd edib. Tanınmış qrossmeyster Hikaru Nakamura isə canlı yayımda “Grok çox səhv etdi, OpenAI isə səhv etmədi” şərhini verib.
Mütəxəssislər vurğulayırlar ki, şahmat kimi mürəkkəb qaydalı strategiya oyunları süni intellektin problem həll etmə, planlama və nəticəyönlü düşünmə bacarıqlarını qiymətləndirmək üçün mühüm vasitədir və bu yarış bunun aktuallığını bir daha gündəmə gətirib.
Fərid Əlizadə
