OpenAI şirkətinin həmtəsisçisi Andrej Karpatı “Dwarkesh” podkastında çıxış edərək bildirib ki, süni intellekt agentləri hazırda insan səviyyəsində fəaliyyət göstərə bilmir və bu sahədəki real irəliləyiş üçün hələ azı on il vaxt lazımdır.
Redaksiya xəbər verir ki, Karpatı süni intellekt agentlərini “zehni cəhətdən natamam” adlandırıb: “Onlar kifayət qədər ağıllı deyillər, multimodal qabiliyyətləri zəifdir, davamlı öyrənmə bacarıqları yoxdur və yadda saxlaya bilmirlər. Bu, hələ işləmir.” Onun sözlərinə görə, agent texnologiyaları hələlik insanla əməkdaşlıq səviyyəsindədir, lakin tam avtonom sistemlərdən danışmaq üçün çox tezdir.
Ekspertlər qeyd edirlər ki, hazırda bazarda “agent” anlayışı ətrafında yaranan həddindən artıq optimizm reallıqla üst-üstə düşmür. “Gartner”in son hesabatına görə, 2027-ci ilə qədər müştəri xidməti heyətini azaldacağını gözləyən şirkətlərin yarısı artıq bu planlardan imtina edib, tətbiq olunan süni intellekt pilotlarının isə 95 faizi uğursuz nəticələnib. Karpatının fikrincə, bu texnologiyaların gerçək potensialı yalnız 2035-ci illərdə üzə çıxacaq.
O, süni intellekti insanların yerinə deyil, onlarla birlikdə işləyən, əməkdaşlıq edən vasitə kimi görür: “Agentlər yaxın onillikdə insanı əvəz etməyəcək, sadəcə onu daha məhsuldar edəcək.” Karpatının bu fikirləri süni intellektin inkişaf mərhələsində daha real və uzunmüddətli baxışın formalaşmasına səbəb olub.
