Şirkət daxilində yayılan daxili məktuba əsasən, baş direktor Sem Altman artan rəqabət fonunda ChatGPT-nin təkmilləşdirilməsi üçün əlavə resursların səfərbər olunması məqsədilə “qırmızı xəbərdarlıq” rejimini elan edib. Google və digər süni intellekt şirkətlərinin təzyiqi OpenAI rəhbərliyini prioritetlərin yenidən qiymətləndirilməsinə vadar edib.
Redaksiya TheInformation istinadla xəbər verir ki, Altmanın qərarı nəticəsində şirkət alış-veriş və səhiyyə ilə bağlı tapşırıqları avtomatlaşdıran süni intellekt agentləri, habelə istifadəçilərə fərdiləşdirilmiş səhər xülasələri təqdim edən Pulse xidməti kimi digər layihələrin tempini yavaşlatmalı olacaq. Bununla yanaşı, bəzi mənbələr OpenAI-nin pulsuz istifadəçilər üçün reklam formatlarını sınaqdan keçirdiyini bildirir.
Daxili müzakirələrdə Altman 800 milyon həftəlik istifadəçinin fərdiləşdirilmiş təcrübə əldə etməsi üçün ChatGPT funksiyalarının genişləndirilməsinin prioritet olduğunu vurğulayıb. O, həmçinin görüntü generasiyası sahəsində yenilənmələrin altı aydan çox gecikdiyini və bu istiqamətdə rəqabətdən geri qalındığını qeyd edib.
Şirkət daxilində diqqət çəkən digər məsələ modelin davranışının yaxşılaşdırılması, sürətin və etibarlılığın artırılması, eləcə də “lazımsız rədd cavablarının” minimuma endirilməsidir. Eyni zamanda, OpenAI rəhbərliyi yeni məntiq modeli üzərində işin başa çatmaq üzrə olduğunu və onun daxili qiymətləndirmələrə əsasən “Gemini 3”dən üstün nəticə göstərdiyini açıqlayıb.
Məlumatlara görə, keçən il həyata keçirilən və on iki gün davam edən Shipmass təşəbbüsü bu il də təkrarlana bilər. Lakin müddətin qısaldılması ehtimalı istisna edilmir.
