2023-cü ilin noyabrında Sem Altmanın OpenAI rəhbərliyindən kənarlaşdırılmasından sonra şirkətin idarə heyəti Anthropic rəhbəri Dario Amodeiyə müraciət edib.
Redaksiya Reuters-ə istinadla xəbər verir ki, OpenAI idarə heyəti Amodeiyə həm şirkətin baş direktoru vəzifəsini, həm də OpenAI ilə Anthropic-in mümkün birləşməsini təklif edib. Məlumata görə, Amodei hər iki təklifi rədd edib.
Hadisə OpenAI tarixinin ən böyük idarəetmə böhranı fonunda baş verib. Altman 2023-cü il noyabrın 17-də vəzifədən uzaqlaşdırılmış, daha sonra işçilərin və investorların ciddi təzyiqindən sonra qısa müddətdə şirkətə geri qayıtmışdı.
Reuters-in məlumatına görə, OpenAI idarə heyəti Altmanın yerinə yeni rəhbər axtararkən Anthropic ilə danışıqları da nəzərdən keçirib. Lakin Anthropic rəhbərliyi birləşmə və idarəetmə təklifini qəbul etməyib.
Bu fakt Sem Altman və Dario Amodei arasındakı münasibətlərə dair yeni müzakirələrə səbəb olub. Bununla belə, Altmanın Amodeiyə şəxsi narazılıq bəslədiyi barədə təsdiqlənmiş rəsmi məlumat yoxdur və bu hissə daha çox texnologiya dairələrində aparılan şərh kimi qiymətləndirilir.
