Norveç Xarici İşlər Naziri Espen Barth Eide, İkinci Dünya Müharibəsindən bəri dünyanın təhlükəsizlik baxımından ən həssas dövrünü yaşadığını bildirib. Bu fikirlərini o, Norveçin şimalındakı Tromso şəhərində keçirilən "Soyuq Cavab 2026" təlimləri çərçivəsində ölkəyə səfər edən NATO Baş katibi Mark Rutte ilə birgə mətbuat konfransında səsləndirib.
Redaksiya məlumat verir ki, Eide Norveçin Arktika regionunda NATO-nun mövqeyini gücləndirmək istədiyini qeyd edərək, "İkinci Dünya Müharibəsindən bəri təhlükəsizlik baxımından bəlkə də ən həssas günləri yaşadığımızın fərqindəyik" deyə bildirib. O, təlimlərdə Finlandiya və Norveçdən 32 min hərbçinin iştirak etdiyini vurğulayıb və Baş katib Rutte-ni Norveçdə qəbul etməkdən məmnunluq duyduqlarını qeyd edib. Eide, Ukraynadakı müharibənin davam etdiyini xatırladaraq, NATO-nun təhlükəsizlik sahəsində mərkəzi rol oynadığını bildirib. O, Arktika regionunda təhlükəsizlik və müdafiənin gücləndirilməsində NATO-nun yeganə ünvan olduğunu qeyd edərək, təlimlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Mətbuat konfransında çıxış edən Norveç Müdafiə Naziri Tore Onshuus Sandvik isə təlimlərdə 14 NATO ölkəsinin iştirak etdiyini bildirib və bu cür təlimlərin beynəlxalq təhlükəsizlik üçün vacib olduğunu vurğulayıb. Norveç, Finlandiya və İsveçdə martın 9-da başlayan geniş iştiraklı təlimlər sabah başa çatacaq.
