Norveç ordusunun istifadə etdiyi Çin avtomobilləri məxfi məlumatları qeydə alıb

Norveç ordusunun istifadə etdiyi Çin avtomobilləri məxfi məlumatları qeydə alıb

Nizami Salmanov · Media ·

Norveçdə keçirilən hərbi təlim zamanı istifadə olunan Çin istehsalı kirayə avtomobillərinin hərbçilərin hərəkətlərini, marşrutlarını və hərbi obyektlərə giriş üçün istifadə edilən təhlükəsizlik kodlarını videoya çəkdiyi məlum olub. Hadisə ölkədə məxfi hərbi məlumatların təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq yaradıb. Bu barədə Norveçin Dagens Næringsliv qəzeti məlumat yayıb.

Redaksiya mənbəyə istinadən xəbər verir ki, hadisə sentyabr ayında Oslo hava limanının mümkün müharibə şəraitində müdafiəsinə hazırlıq məqsədilə keçirilən Hovedstad hərbi təlimləri zamanı baş verib. Təlimdə iştirak edən hərbçilər istifadə etdikləri kirayə avtomobillərdə onların xəbəri olmadan qeydə alınmış videomateriallar aşkarlayıblar.

Məlumata görə, görüntülərdə hərbçilərin avtomobillərə minib-düşməsi, hərəkət etdikləri marşrutlar, dayanma məntəqələri və müxtəlif ərazilərdə keçirdikləri vaxt əks olunub. Daha ciddi təhlükəsizlik narahatlığı isə avtomobillərin kameralarının hərbi obyektlərin giriş qapılarında daxil edilən təhlükəsizlik kodlarını da qeydə alması ilə bağlıdır.

Təlimdə iştirak edən leytenant Fredrik Blank bildirib ki, videolarda hərbçilərin haraya getdiyi, kimi hansı məntəqədən götürdüyü və müxtəlif yerlərdə nə qədər qaldığı aydın görünürdü. Onun sözlərinə görə, şəxsi heyət avtomobillərin bu cür qeydiyyat funksiyasının mövcudluğu barədə əvvəlcədən məlumatlandırılmayıb.

Norveç mətbuatının məlumatına əsasən, avtomobillər Silahlı Qüvvələrin kirayə xidmətlərindən istifadə etdiyi Hertz şirkəti vasitəsilə əldə olunub. Təlimdə istifadə edilən nəqliyyat vasitələrindən ən azı ikisinin Çinin Deepal markasına məxsus olduğu bildirilib.

Hərbçilər təlimdən sonra çıxış əldə edə bildikləri avtomobillərdəki videoqeydləri siliblər. Lakin məlumatların yalnız avtomobillərin daxili yaddaşında saxlanıldığı, yoxsa başqa serverlərə və ya sistemlərə ötürüldüyü hələlik müəyyənləşdirilməyib.

Leytenant Fredrik Blank xəbərdarlıq edib ki, bu cür görüntülərin birləşdirilməsi hərbi bölmələrin hərəkət istiqamətlərini, yerləşmə məntəqələrini və fəaliyyət qaydalarını müəyyənləşdirməyə imkan verə bilər. Avtomobillərdəki mikrofonların məxfi söhbətləri qeydə alması ehtimalı da təhlükəsizlik baxımından narahatlıq doğurub. Bununla belə, səs yazılarının aparıldığını və ya məlumatların xarici ölkəyə ötürüldüyünü təsdiqləyən sübut təqdim edilməyib.

Norveç Silahlı Qüvvələrinin sözçüsü Karolin E. Lisne bildirib ki, ordu müasir avtomobillərin elektron sistemlərinin yarada biləcəyi təhlükəsizlik risklərindən xəbərdardır. Bununla belə, müəyyən ölkələrdə istehsal olunan avtomobillərə ümumi qadağa tətbiq edilməsi məqsədəuyğun hesab olunmur.

Onun sözlərinə görə, belə məhdudiyyətlər hərbi qurumlar, əməkdaşlar və təchizatçılar üçün ciddi praktiki çətinliklər yarada bilər. Norveç ordusu məxfi məlumatların toplanmasının qarşısını almaq məqsədilə fiziki və elektron təhlükəsizlik tədbirlərinin tətbiq edildiyini bildirib.

Norveçin müdafiə naziri Tore O. Sandvik də müasir avtomobillərin sensorlar vasitəsilə məlumat toplaması probleminin yalnız Çin istehsalı nəqliyyat vasitələrinə aid olmadığını vurğulayıb. Nazirlik hərbi obyektlərin təhlükəsizlik səviyyəsindən asılı olaraq avtomobillərin və elektron cihazların istifadəsinə məhdudiyyətlər tətbiq edilə biləcəyini açıqlayıb.

Məsələ ölkə parlamentinin də gündəminə çıxarılıb. Oktyabrın 8-də deputat Himanşu Qulati müdafiə nazirinə rəsmi sorğu ünvanlayaraq Çin istehsalı kirayə avtomobillərinin hərbi əməliyyatlarda istifadəsinin təhlükəsizlik baxımından nə dərəcədə məqsədəuyğun olduğunu soruşub. Deputat həmçinin mövcud təhlükəsizlik tədbirlərinin məxfi məlumatların toplanmasının qarşısını alıb-almadığının aydınlaşdırılmasını tələb edib.

Qeyd edək ki, avtomobillərin Çin şirkətləri ilə əlaqəli olması məlumatların Çin hökumətinə ötürüldüyünü sübut etmir. Hazırda videoqeydlərin casusluq məqsədilə istifadə edildiyi və ya hər hansı xarici kəşfiyyat qurumunun məlumatlara çıxış əldə etdiyi təsdiqlənməyib.

Hadisə müasir avtomobillərin kamera, mikrofon, naviqasiya və internetə qoşulma sistemlərinin hərbi obyektlərdə istifadəsi zamanı yarana biləcək informasiya təhlükəsizliyi risklərini yenidən gündəmə gətirib.