Amsterdamdakı Schiphol hava limanının Polderbaan uçuş zolağı 45 dəqiqəlik bağlanıb. Hadisə saat 12:10 radələrində pilotların təyyarələrin yaxınlığında dron gördüklərini bildirməsindən sonra qeydə alınıb. Onlardan biri dronun təyyarədən cəmi 50 metr məsafədə uçduğunu qeyd edib.
Redaksiya NOS-a istinadla xəbər verir ki, polis və helikopterlə axtarış aparılsa da, heç nə tapılmayıb. Rəsmi dairələr hadisənin böyük ehtimalla həvəskar bir istifadəçinin dronu ilə bağlı ola biləcəyini düşünür. Təhlükəsizlik səbəbilə uçuşlar yönləndirilib və zolaq saat 13:00-da yenidən istifadəyə açılıb.
Məlumata görə, bu il Niderland hava limanlarında dron uçuşları ilə bağlı artıq 22 oxşar hal qeydə alınıb. Qaydalar təhlükəsizlik riskləri səbəbindən Schiphol ətrafında dron istifadəsini qəti şəkildə qadağan edir.
