İsrailin Baş naziri Benyamin Netanyahu və Prezident İsxak Hersoqun müharibə zamanı gizli görüş keçirdiyi iddia olunur. Bu barədə İsrail mərkəzli Channel 14 xəbər yayıb.
Redaksiya istinadla xəbər verir ki, görüş “Aslan nəriltisi” əməliyyatı dövründə məxfi təhlükəsizlik obyektində baş tutub. Rəsmi izaha görə, görüş təhlükəsizlik brifinqi məqsədi daşıyıb.
Məlumata görə, görüşdə hər iki tərəfin hərbi katibləri də iştirak edib. Channel 14 yazır ki, təhlükəsizlik icmalı başa çatdıqdan sonra Netanyahu və Hersoq bir neçə dəqiqə təkbətək söhbət ediblər.
Görüşün məzmunu açıqlanmayıb. Lakin İsrail mediası görüşün Netanyahunun əfv müraciətindən sonra keçirilməsinə diqqət çəkir.
Prezidentin ofisi görüşün baş tutduğunu təsdiqləyib, lakin Netanyahu ilə Hersoqun təkbətək görüşdüyünü qəti şəkildə rədd edib.
Aprelin sonunda Hersoq ofisi Netanyahunun indiki mərhələdə əfv edilməyəcəyini bildirmişdi. İsrail mediasına görə, prezident əfv əvəzinə Netanyahu ilə prokurorluq arasında mümkün razılaşma və vasitəçilik xəttini dəstəkləyir.
Məsələ ABŞ Prezidenti Donald Trampın Netanyahunun dərhal əfv olunması üçün Hersoqa açıq təzyiq göstərməsi fonunda İsraildə yeni siyasi müzakirə yaradıb.
