İsrail baş naziri Benyamin Netanyahu Qəzzanın tam hərbi nəzarət altına alınmasını nəzərdə tutan planı təhlükəsizlik rəsmiləri ilə müzakirəyə çıxarıb.
Redaksiya xəbər verir ki, “Reuters”in məlumatına görə, İsrail rəhbərliyi hazırda Qəzzanın tam ələ keçirilməsi variantını qiymətləndirir və Netanyahu bu məqsədlə yüksək səviyyəli təhlükəsizlik görüşləri keçirib. Lakin planın rəsmi təsdiqi və ya icrası barədə hələlik heç bir qərar elan olunmayıb.
“The Guardian” yazır ki, məsələnin əsas müzakirə olunacağı təhlükəsizlik kabinetinin iclası daxili ixtilaflar səbəbindən təxirə salınıb. “The Washington Post” isə bildirir ki, Netanyahu planın detallarını bu həftə ərzində təhlükəsizlik rəsmiləri ilə daha ətraflı müzakirə etməyə hazırlaşır və “tam işğal” seçimi gündəmdə qalır.
Ekspertlər hesab edirlər ki, belə bir addım bölgədə hərbi əməliyyatların miqyasını kəskin şəkildə artıra və Qəzzadakı humanitar vəziyyəti daha da ağırlaşdıra bilər.
Sevinc Kərimova
