Netanyahu Livana güclü zərbələr endirilməsi barədə göstəriş verib

Netanyahu Livana güclü zərbələr endirilməsi barədə göstəriş verib

Yulduz Səlimov · Media ·

İsrailin baş naziri Benyamin Netanyahu Livandan İsrailin şimalına raket və pilotsuz uçuş aparatlarının buraxılmasından sonra orduya “Hizbullah” hədəflərinə güclü zərbələr endirmək göstərişi verib. Bu barədə Ynet News məlumat yayıb.

Redaksiya Ynet-ə istinadla xəbər verir ki, əlumata görə, şənbə günü Livandan Qalileyanın şimalındakı Manara, Marqaliyot və Misqav Am istiqamətində iki raket atılıb. Raketlərdən biri açıq əraziyə düşüb, digəri isə İsrail hava hücumundan müdafiə sistemi tərəfindən vurulub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

İsrail ordusu hücumu atəşkəsin “kobud şəkildə pozulması” kimi qiymətləndirib. Təxminən bir saat sonra Qərbi Qalileyadakı Hanita, Yaara və Roş Hanikra yaşayış məntəqələrində PUA təhlükəsi ilə bağlı xəbərdarlıq siqnalları işə düşüb. Ordunun məlumatına görə, İsrail ərazisinə iki uçuş aparatı daxil olub, onlardan biri vurulub, digəri ilə isə əlaqə itib.

Ynet-in yazdığına əsasən, İsrail ordusu şənbə günü Livanın cənubunda “Hizbullah”ın altı üzvünün öldürüldüyünü bildirib. Hərbçilər həftəsonu ərzində ümumilikdə 15 “Hizbullah” üzvünün öldürüldüyünü açıqlayıblar.

İsrail ordusu həmçinin “Hizbullah”a, o cümlədən Radvan qüvvələrinə məxsus binalara və silah anbarına zərbələr endirdiyini bildirib. Gecə saatlarında Deyr əz-Zəhrani, Kfar Rumman və əs-Samiyah bölgələrində raket buraxılış qurğularının vurulduğu qeyd olunur. WSJ də İsrail ordusunun həmin buraxılış qurğularını İsrail hərbçiləri və mülki şəxslər üçün birbaşa təhlükə kimi qiymətləndirdiyini yazıb.

Atəşkəsin üç həftəlik uzadılmasına baxmayaraq, İsrailin şimalındakı yerli rəhbərlər davam edən hücumları tənqid ediblər. Yuxarı Qaliley Regional Şurasının rəhbəri Asaf Lanqlaban sakinlərin təhlükəsiz şəkildə normal həyata qayıtmalı olduğunu və hökumətin raket təhlükəsini aradan qaldırmağa görə məsuliyyət daşıdığını bildirib.