Netanyahu İran müharibəsi zamanı BƏƏ-yə gizli səfər edib

Netanyahu İran müharibəsi zamanı BƏƏ-yə gizli səfər edib

Sevinc Kərimova · Media ·

İsrail Baş Nazirliyinin Ofisi Benyamin Netanyahunun İranla müharibə zamanı Birləşmiş Ərəb Əmirliklərinə gizli səfər etdiyini açıqlayıb.

Redaksiya xəbər verir ki, Netanyahu martın 26-da Əl-Ayn şəhərində BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayedlə bir neçə saat davam edən görüş keçirib. İsrail tərəfi görüşü iki ölkə münasibətlərində “tarixi irəliləyiş” kimi qiymətləndirib.

Məlumata görə, görüş İranla müharibə fonunda İsrail və BƏƏ arasında təhlükəsizlik koordinasiyasının gücləndiyi dövrdə baş tutub. Reuters yazır ki, Mossad rəhbəri Dedi Barnea da müharibə dövründə hərbi koordinasiya məqsədilə BƏƏ-yə bir neçə dəfə səfər edib.

Bu açıqlama ABŞ-ın İsraildəki səfiri Mayk Hakabinin İsrailin BƏƏ-yə “Dəmir Qübbə” hava müdafiə sistemləri və onları idarə edən şəxsi heyət göndərdiyini deməsindən sonra gəlib.

İsrail və BƏƏ münasibətləri 2020-ci ildə “Avraam sazişləri”ndən sonra sürətlə inkişaf edib. Son müharibə isə iki ölkə arasında təhlükəsizlik və hərbi əməkdaşlığın daha açıq mərhələyə keçdiyini göstərir.