Prezident İlham Əliyevin Naxçıvana səfərləri bu qədim və strateji əhəmiyyətli bölgənin sosial-iqtisadi inkişafının, təhlükəsizliyinin, enerji potensialının və nəqliyyat-kommunikasiya imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl dövlət siyasətinin göstəricisidir. Naxçıvana son səfər regionun gələcək inkişaf prioritetlərinin müəyyənləşdirilməsi, mühüm infrastruktur layihələrinin təməlinin qoyulması və şəhərin inkişafına dair məsələlərin nəzərdən keçirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Səfər çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verən Prezident İlham Əliyev Naxçıvanın inkişaf perspektivləri, müdafiə və təhlükəsizlik, sənaye və energetika layihələri, kənd təsərrüfatı, məşğulluq, sosial infrastruktur, turizm və nəqliyyat sahələrində dövlət siyasətinin əsas istiqamətlərini diqqətə çatdırıb.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Siyavuş Novruzov səsləndirib.
Naxçıvanın sürətli sosial-iqtisadi inkişafının təmin edilməsinin əsas hədəflərdən biri olduğunu deyən deputat vurğulayıb ki, bu inkişafın şəhərsalma baxımından uzunmüddətli əsaslarını müəyyən edən mühüm sənədlərdən biri Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Plandır. Səfər zamanı Prezident İlham Əliyevin Baş Planla tanış olması şəhərin inkişaf perspektivlərinin sistemli şəkildə müəyyənləşdirilməsinə dövlət səviyyəsində göstərilən diqqətin ifadəsidir. Naxçıvanın coğrafi mövqeyi onun Azərbaycanın milli təhlükəsizlik sistemində xüsusi yer tutmasını şərtləndirir. Bu səbəbdən bölgənin müdafiə potensialının gücləndirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindəndir.
“Səfər çərçivəsində Ali Baş Komandan İlham Əliyevin Əlahiddə Ümumqoşun Orduda yeni yaradılmış komando hərbi hissələrinə Döyüş bayraqlarının verilməsi mərasimində iştirakı Naxçıvanın müdafiə potensialının gücləndirilməsi istiqamətində tədbirlərin mühüm göstəricisidir. Səfər zamanı Naxçıvan Sənaye Parkının təməlinin qoyulması bölgənin iqtisadi inkişafında yeni mərhələnin başlanğıcıdır. Sənaye Parkının yaradılması müasir istehsal sahələrinin formalaşdırılması, investisiyaların cəlb edilməsi və yeni iş yerlərinin yaradılması baxımından mühüm imkanlar açacaq. Sənaye Parkının tərkib hissəsi olaraq 300 meqavat gücündə istilik elektrik stansiyasının inşa ediləcək olması isə layihənin enerji təhlükəsizliyi baxımından əhəmiyyətini artırır. Bununla yanaşı, Naxçıvanda qazlaşmanın 100 faiz səviyyəsinə çatdırılması mühüm nailiyyətdir. Naxçıvanın Günəş enerjisi potensialı da böyükdür. Bu bölgənin yaşıl enerji zonası kimi inkişaf etdirilməsi Azərbaycanın dayanıqlı və bərpaolunan enerji siyasətinin mühüm istiqamətlərindən biridir”, - deyə S.Novruzov əlavə edib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin müsahibəsində xüsusi diqqət yetirdiyi məsələlərdən biri Zəngəzur dəhlizidir. Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirmək ölkəmizin çoxdankı arzusu olub. Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın təşəbbüsüdür və bu istiqamətdə ardıcıl addımlar atılır. Artıq Horadiz-Ağbənd avtomobil yolu demək olar ki, hazırdır. Dəhliz açıldıqdan sonra Azərbaycandan İrana ikinci dəmir yolu xəttinin yaradılması mümkün olacaq və Naxçıvanın regional logistika imkanları genişlənəcək. Araz üzərində körpünün inşası və İran ərazisindən Naxçıvana nəqliyyat bağlantısının yaradılması da mühüm layihələrdəndir. Naxçıvan zəngin tarixə, mədəniyyətə və özünəməxsus memarlıq irsinə malik qədim Azərbaycan diyarıdır. Bu bölgə Azərbaycan xalqına Ulu Öndər Heydər Əliyev kimi dahi şəxsiyyət bəxş edib. Prezident İlham Əliyevin səfər zamanı Möminə xatun türbəsindəki bərpa işləri ilə tanış olması, Əcəmi seyrangahında Əcəmi Naxçıvaninin abidəsinin açılışında iştirakı Naxçıvanın memarlıq irsinin qorunmasına diqqətin bariz nümunəsidir.
“Naxçıvanın zəngin tarixi-mədəni irsi onun turizm potensialının əsasını təşkil edir. Səfər çərçivəsində yeni “Naxçıvan” Mehmanxana Kompleksinin təməlinin qoyulması bölgənin turizm infrastrukturunun inkişafına mühüm töhfə verəcək. Naxçıvanın sosial-iqtisadi inkişafında kənd təsərrüfatının da xüsusi rolu var. Kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramında Naxçıvanın xüsusi yerinin olması bu sahəyə göstərilən diqqətin göstəricisidir. Sənaye və kənd təsərrüfatının paralel inkişafı iqtisadiyyatın şaxələndirilməsinə və məşğulluğun artırılmasına xidmət edəcək. Sosial infrastrukturun yaradılması və bərpası da diqqət mərkəzindədir. Bu baxımdan Naxçıvan Regional DOST Mərkəzinin açılışı mühüm sosial layihələrdəndir. Bütün bunlar Naxçıvanın inkişafına dövlət dəstəyinin davamlı xarakter daşıdığının göstəricisidir. Buna digər bariz nümunə səfərdən sonra atılan praktiki addımlardır. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 258 milyon manat vəsaitin ayrılması barədə Sərəncamın imzalanması regionun qarşıdakı inkişaf mərhələsinə dövlət tərəfindən verilən yüksək önəmin təzahürüdür. Beləliklə, Naxçıvan üçün yeni inkişaf mərhələsi başlayır. Bu istiqamətdə işlər davam etdiriləcək”, - deyə deputat fikrini yekunlaşdırıb.

Naxçıvan üçün yeni inkişaf mərhələsi başlayır - ŞƏRH
Aytac Dəniz · Siyasət ·