Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-ın rusiyalı diplomatların uşaqlarına vətəndaşlıq verilməsi ilə bağlı mövqeyini tənqid edib. O bildirib ki, Moskva diplomat uşaqlarına “məcburi şəkildə qəbul etdirilən” ABŞ vətəndaşlığını tanımır.
Redaksiya TASS və “Vedomosti”yə istinadla xəbər verir ki, Zaxarova bu addımın ABŞ rəsmilərinə Rusiya diplomatik heyətinə qarşı yeni təzyiq mərhələsi üçün lazım olduğunu iddia edib. Onun sözlərinə görə, amerikalı rəsmilər qanunu pozaraq rusiyalı diplomatların uşaqlarına ABŞ vətəndaşlığını “zorla qəbul etdirməyə” çalışırlar.
Zaxarova qeyd edib ki, bu cür addımlar Rusiya ilə ABŞ arasında münasibətlərdə mövcud “qıcıqlandırıcıların” aradan qaldırılması üzrə danışıqlara mane olur. O, Vaşinqtonun davranışını ziddiyyətli adlandıraraq bunun ikitərəfli dialoqu çətinləşdirdiyini bildirib.
Rusiya XİN sözçüsü həmçinin Donald Trampın avtomatik vətəndaşlıq verilməsi praktikasına qarşı çıxış etdiyini xatırladıb. Zaxarovanın fikrincə, ABŞ daxilində bəzi rəsmilərin addımları Trampın bəyan etdiyi siyasi xəttlə uyğun gəlmir.
