Boliviyada iqtisadi böhran, yanacaq çatışmazlığı və litium ehtiyatları ətrafında siyasi gərginlik ölkəni kütləvi etirazlarla üz-üzə qoyub.
Redaksiya Reuters və AP-yə istinadla xəbər verir ki, mayın əvvəlindən başlayan aksiyalar ümummilli narazılığa çevrilib. Etirazlarda mədənçilər, kəndlilər, müəllimlər, həmkarlar ittifaqları və sabiq prezident Evo Moralesin tərəfdarları iştirak edir.
Etirazçılar prezident Rodriqo Pazın istefasını tələb edir. Onlar hökuməti iqtisadi böhranı dərinləşdirməkdə, yanacaq və ərzaq çatışmazlığını artırmaqda, yoxsul təbəqələrə qarşı sərt siyasət aparmaqda ittiham edirlər. Hökumət isə iğtişaşların arxasında Morales tərəfdarlarının dayandığını bildirir.
Gərginliyin əsas fonlarından biri Boliviyanın nəhəng litium ehtiyatlarıdır. Ölkə dünyada ən böyük təsdiqlənmiş litium ehtiyatlarından birinə malikdir və bu metal elektrik avtomobilləri, batareyalar və kritik texnologiyalar üçün strateji resurs sayılır.
Moralesin tərəfdarları iddia edirlər ki, Paz hökuməti Boliviyanın litium ehtiyatlarını Qərb və ABŞ bazarlarına yönəldir, Rusiya və Çinlə əməkdaşlığı isə zəiflədir. Bu səbəbdən etirazçılar onu “ABŞ-ın adamı” adlandırırlar.
Evo Morales isə daha ağır ittiham irəli sürüb. O, ABŞ-ın DEA və Cənub Komandanlığının dəstəyi ilə Boliviya hökumətinə qarşısında onu ələ keçirmək və ya öldürmək əməliyyatı hazırladığını iddia edib.
Bu iddia rəsmi şəkildə təsdiqlənməyib. Lakin Moralesin açıqlaması ölkədəki etirazların geosiyasi rəngini daha da artırıb.
ABŞ və İsrail hökumətləri Boliviyada sabitliyin qorunmasına çağırıb və Paz administrasiyasına dəstək mesajları verib.
Analitiklər hesab edirlər ki, Boliviya böhranı yalnız daxili iqtisadi narazılıq deyil. Bu, həm də litium, enerji, ABŞ-Çin rəqabəti və Latın Amerikasında siyasi təsir uğrunda mübarizənin yeni mərhələsidir.
