Avqust ayından etibarən “Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının (Milli.Biz) birgə təşkilatçılığı ilə Milli Biznesin İnkişafı Forumunun xüsusi sessiyalarına start verilir. Bu barədə “Caspian Energy Club”ın icraçı direktoru Günel Quliyeva məlumat verib.
Onlayn və oflayn formatda təşkil ediləcək Milli Biznesin İnkişafı Forumunun xüsusi sessiyaları çərçivəsində biznes subyektlərinin gündəmində olan aktual məsələlərin açıq şəkildə müzakirəsi, sahibkarlıq mühitinin təkmilləşdirilməsi, sağlam rəqabətin formalaşdırılması və biznes üçün mövcud inzibati və tənzimləyici maneələrin aradan qaldırılması istiqamətində müzakirələr aparılacaq.
Qeyd edək ki, növbəti sessiyalar Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Azərbaycan Metrologiya İnstitutu, Azərbaycan Akkreditasiya Mərkəzi, Azərbaycan Standartlaşdırma İnstitutu kimi qurumların iştirakı və dəstəyi ilə keçiriləcək və müxtəlif mövzuları əhatə edəcək. Müzakirələr bir sıra aktual istiqamətləri əhatə edəcək.
Texniki tənzimləmə və standartlaşdırma sahəsində qeyri-qida istehlak mallarına münasibətdə texniki reqlamentlərin sağlam rəqabətin formalaşdırılmasında rolu, metroloji təminatın biznes üçün əhəmiyyəti, idarəetmə standartlarının faydaları, ətraf mühit, sosial və korporativ idarəetmə üzrə standartların faydaları, həmçinin süni intellekt və informasiya texnologiyaları sahəsində standartların rolu müzakirə olunacaq. Bununla yanaşı, malların təhlükəsizliyinin və texniki normativ-hüquqi aktların tələblərinə uyğunluğunun təmin edilməsi sahəsində sahibkarların öhdəliklərinə də toxunulacaq.
Müzakirələrin əsas istiqamətlərindən birini malın mənşə ölkəsinin müəyyən edilməsi və mənşə sertifikatları ilə bağlı məsələlər təşkil edəcək. Bu çərçivədə Rusiya Federasiyasına ixracla bağlı CT-1 sertifikatlarının elektron sistemlərinin qarşılıqlı tanınmasının biznes mühitinə töhfələri, malın mənşə ölkəsinin müəyyən edilməsinin hüquqi əsasları və mövcud beynəlxalq təcrübə, Azərbaycan Respublikasında tətbiq olunan mənşə sertifikatlarının növləri, təyinatı və tətbiq sahələri nəzərdən keçiriləcək.
Eyni zamanda, Azərbaycan Respublikasının beynəlxalq təşkilatlar çərçivəsində qoşulduğu MDB və GUAM üzrə malın mənşə ölkəsinin müəyyən edilməsi qaydaları və onların hüquqi mənbələri, lokal və beynəlxalq səviyyələrdə elektron xidmətlər vasitəsilə mənşə sertifikatlarının rəsmiləşdirilməsi və bu sahədə tətbiq edilən rəqəmsal həllər barədə məlumat veriləcək. Malın mənşə ölkəsini təsdiq edən sertifikatın alınması üçün müraciət proseduru, tələb olunan sənədlər və hüquqi əsaslar, eləcə də yerli mənşəli mallara münasibətdə tətbiq edilən satınalma güzəşti çərçivəsində “malın mənşəyi barədə rəy”in alınması üçün müraciət proseduru, onun texniki və hüquqi əsasları da müzakirə mövzuları sırasında olacaq.
Görüşdə qiymətli metallar və qiymətli daşlar sahəsində əyar nəzarəti, mövcud tələblər və sahibkarlıq subyektlərinin öhdəlikləri, həmçinin zərgərlik məmulatlarının əyarlanması və damğalanması ilə bağlı sahibkarlıq subyektləri üçün əsas tələblər də nəzərdən keçiriləcək.
Bundan başqa, idxal olunan və satılan malların etiketlənməsinə dair tələblər, xüsusilə etiketlərdə və izahat vərəqələrində Azərbaycan dilində məlumatların yerləşdirilməsi ilə bağlı sahibkarların öhdəlikləri, istehlakçı müraciətlərinin effektiv idarə olunması, vaxtında cavablandırılması və istehlakçı məmnuniyyətinin təmin edilməsi məsələləri müzakirə ediləcək.
Müzakirələr çərçivəsində istehlak bazarında ən çox rast gəlinən qanun pozuntuları, onların sahibkarlar üçün yaratdığı hüquqi nəticələr və qarşısının alınması mexanizmləri, eləcə də əmtəə nişanından qanunsuz istifadə nəticəsində baş verən haqsız rəqabət hallarının qarşısının alınması məsələlərinə də xüsusi diqqət yetiriləcək.
Xatırladaq ki, Milli Biznesin İnkişafı Forumunun XXI xüsusi sessiyası Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin dəstəyi ilə avqustun 20-də keçirilib və təbii inhisar subyektlərinin şəbəkələrinə qoşulma mərhələsində təsərrüfat subyektlərinin qarşılaşdıqları problemlərə həsr olunub.
Sessiyada, təbii inhisar subyektlərinin tətbiq etdiyi tənzimlənməyən qiymətlərin biznes subyektlərinin ümumi xərclərindəki payının müəyyən edilməsi üçün “Caspian Energy Club”ın dəstəyi ilə anket sorğularının təşkil edilməsi, dövlət orqanlarının fəaliyyət göstərdiyi və təsərrüfat subyektləri üçün müəyyən rəqabət maneələrinin yarandığı sektorların müəyyənləşdirilməsi, müəyyən fəaliyyət növlərini həyata keçirmək üçün dövlət orqanları və ya təbii inhisar subyektlərindən razılıqların alınması prosesində ən çox məhdudiyyətlərin tətbiq olunduğu sahələr ətrafında müzakirələr aparılacaq.
Sessiyanın fəxri qonağı Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Təbii İnhisarlara Dövlət Nəzarəti Şöbəsinin müdiri Şəmsi Rzalı olacaq.
Onlayn formatda keçiriləcək hər sessiyada dövlət qurumlarının nümayəndələri, biznes subyektləri, sahibkarlar və ekspertlərin iştirakı nəzərdə tutulur. Açıq dialoq formatında təşkil olunacaq müzakirələr iştirakçılara onları maraqlandıran məsələləri birbaşa səsləndirmək, mövcud çağırışları aidiyyəti tərəflərlə müzakirə etmək və biznes mühitinin daha da təkmilləşdirilməsinə dair təkliflərini bölüşmək imkanı yaradacaq.
Xatırladaq ki, Milli Biznesin İnkişafı Forumunun xüsusi sessiyaları dövlət-biznes dialoqunun daha da inkişaf etdirilməsi, sahibkarların qarşılaşdıqları problemlərin aidiyyəti qurumların diqqətinə çatdırılması, səmərəli həll mexanizmlərinin təşviqi və Azərbaycanda əlverişli, şəffaf və rəqabətqabiliyyətli biznes mühitinin formalaşdırılmasına töhfə vermək məqsədi daşıyır.
“Caspian Energy Holding” haqqında qısa məlumat:
İnvestisiya-konsaltinq holdinqi formatında fəaliyyət göstərən “Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında birləşmiş bütün networking platformalar, media layihələr, forumlar və mükafatları vahid "Milli.Biz" ekosistemi daxilində konsolidasiya etmək məqsədilə təsis edilib. "Milli.Biz" ekosistemi əsasında “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası vasitəsilə 100-dən çox ölkədən olan sahibkarlara networking qurmaq imkanı yaradılacaq.
“Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir: “Caspian Energy Club”, “Caspian Energy Club International”, “Caspian Energy EXIFOR Group”, “Caspian Energy International Media Group”, “Award Organizers Group”, “Caspian Energy Research Group”, “Caspian Energy Entertainment Group”, “Caspian Energy Jobs Group”.
“Caspian Energy Club”a daxil olan sahibkarlar vahid "Milli.Biz" ekosistemi çərçivəsində hal-hazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər. "Milli.Biz" ekosisteminə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək.
2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes networking platformasıdır. “Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.
“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılıb. Bu strukturun nəzdində idarə olunan və 2034-cü ilə qədər dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (Milli.Biz) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır.

Milli Biznesin İnkişafı Forumunun həftəlik xüsusi sessiyalarına start verilir
Aytac Dəniz · İqtisadiyyat ·