Meta şirkəti 25 milyard dollar cərimələndi

Meta şirkəti 25 milyard dollar cərimələndi

Fərid Əlizadə · Media ·

ABŞ-nin Nyu-Meksiko ştatında məhkəmə Facebook istifadəçilərinin şəxsi məlumatlarının məxfiliyi ilə bağlı aldadılması səbəbindən Meta şirkətinin 25 milyard dollar cərimələnməsi barədə qərar qəbul edib. Şirkət isə məhkəmə qərarı ilə razılaşmadığını və ondan apellyasiya şikayəti verəcəyini açıqlayıb. Bu barədə Reuters agentliyi məlumat yayıb.

Redaksiya mənbəyə istinadən xəbər verir ki, qərar oktyabrın 21-də Nyu-Meksiko ştatının Birinci Məhkəmə Dairəsinin hakimi Frensis Metyu tərəfindən qəbul edilib.

Məhkəmə Meta-nın Facebook istifadəçilərini şəxsi məlumatlarının qorunması, həmin məlumatlara üçüncü tərəflərin çıxışı və platformanın daxili məxfilik siyasəti barədə yanlış məlumatlandırdığı qənaətinə gəlib.

İşin əsasında 2018-ci ildə geniş ictimaiyyətə məlum olan “Cambridge Analytica” qalmaqalı dayanır. Həmin hadisə zamanı Britaniyanın siyasi konsaltinq şirkətinin milyonlarla Facebook istifadəçisinin şəxsi məlumatlarını onların razılığı olmadan əldə etdiyi üzə çıxmışdı.

Məlumatlara görə, qalmaqal çərçivəsində 87 milyona qədər Facebook istifadəçisinin şəxsi məlumatlarına çıxış əldə edilmişdi. Bu məlumatlardan seçicilərin psixoloji profillərinin hazırlanması və siyasi reklamların hədəflənməsi üçün istifadə olunduğu bildirilirdi.

Nyu-Meksiko ştatının Baş Prokurorluğu 2021-ci ildə Meta-ya qarşı məhkəmə iddiası qaldırıb. İddiada şirkətin istifadəçiləri məlumatlarının kimlər tərəfindən əldə edilə biləcəyi barədə aldatdığı və şəxsi məlumatların qorunması ilə bağlı yanlış təsəvvür yaratdığı irəli sürülüb.

2026-cı ilin sentyabrında keçirilən məhkəmə prosesində andlılar heyəti Meta-nın istehlakçı hüquqlarının müdafiəsi qanunvericiliyini milyonlarla dəfə pozduğu qənaətinə gəlib.

Məhkəmə materiallarına əsasən, şirkətin istifadəçilərə təqdim etdiyi 26 açıqlama yanlış və ya aldadıcı hesab olunub.

Bu açıqlamalarla əlaqədar ümumilikdə 43 milyon 899 min 720 qanun pozuntusu müəyyənləşdirilib.

Nyu-Meksiko qanunvericiliyinə əsasən, qəsdən törədilmiş hər bir belə pozuntuya görə 5 min dollara qədər cərimə tətbiq edilə bilər.

Hakim Frensis Metyu bu hesablama əsasında ilkin cərimə məbləğinin 219 milyard 498 milyon 600 min dollara çatdığını müəyyən edib.

Lakin məhkəmə yekun qərarında həmin məbləği 25 milyard dollara endirib.

Qərara əsasən, cərimə tam ödənilənədək məbləğə illik 15 faiz faiz hesablanması da nəzərdə tutulur.

Nyu-Meksiko ştatının baş prokuroru Raul Torres qərarı texnologiya şirkətlərinin istifadəçi hüquqlarına görə məsuliyyət daşıması baxımından əhəmiyyətli nəticə kimi qiymətləndirib.

Prokurorluq hesab edir ki, Meta uzun müddət ərzində istifadəçilərə şəxsi məlumatlarının məxfiliyi və təhlükəsizliyi barədə yanlış məlumat verib.

Şirkət isə bu ittihamları və tətbiq edilən maliyyə sanksiyasının həcmini mübahisələndirir.

Meta-nın baş hüquq müşaviri Cey Si Mahoni məhkəmə qərarının şirkətin Nyu-Meksiko ştatında fəaliyyət göstərməsini ciddi şəkildə çətinləşdirdiyini bildirib.

Onun sözlərinə görə, iddia sosial şəbəkələrdə ifadə azadlığına müdaxilə edən yanaşmaya əsaslanır.

Şirkət apellyasiya instansiyasında mövqeyini müdafiə edəcəyini və nəticənin dəyişdiriləcəyinə inandığını açıqlayıb.

Hüquq mütəxəssisləri də cərimənin apellyasiya mərhələsində azaldılması ehtimalının mövcud olduğunu bildirirlər. Əsas mübahisələrdən biri qanun pozuntularının sayının necə hesablanması ilə bağlıdır.

Meta-nın vəkilləri iddia edirlər ki, şirkətin açıqlamalarını həqiqətən görmüş və onlardan təsirlənmiş istifadəçilərin sayı dəqiq sübut olunmayıb.

Bu səbəbdən, onların mövqeyinə görə, milyonlarla qanun pozuntusunun eyni qaydada hesablanması hüquqi baxımdan mübahisəlidir.

Qeyd edək ki, Meta bundan əvvəl də istifadəçi məlumatlarının məxfiliyi ilə bağlı maliyyə sanksiyaları ilə üzləşib. ABŞ Federal Ticarət Komissiyası 2019-cu ildə Facebook-a 5 milyard dollar cərimə tətbiq etmişdi.

Nyu-Meksiko məhkəməsinin müəyyənləşdirdiyi 25 milyard dollarlıq cərimə isə ABŞ tarixində bir şirkətə qarşı tətbiq edilmiş ən böyük maliyyə sanksiyalarından biridir.

Bununla belə, məbləğin yekun olaraq qüvvədə qalacağı hələ məlum deyil. Meta apellyasiya şikayəti verməyə hazırlaşdığı üçün hüquqi proses davam edəcək.

Məhkəmənin qərarı şəxsi məlumatların toplanması, onların üçüncü tərəflərlə paylaşılması və istifadəçilərə təqdim edilən məxfilik vədlərinə görə böyük texnologiya şirkətlərinin məsuliyyəti məsələsini yenidən gündəmə gətirib.