Meta Reels platforması illik gəlirdə 50 milyard dollar həddini aşdı

Meta Reels platforması illik gəlirdə 50 milyard dollar həddini aşdı

Sona Osmanova · Texnologiya ·

Meta şirkətinin qısa video formatlı Reels məhsulu rəqəmsal reklam bazarında sürətlə mövqeyini möhkəmləndirərək ciddi maliyyə göstəricilərinə çatıb. Şirkətin açıqladığı son nəticələr Reels-in artıq aparıcı platformalarla eyni səviyyədə rəqabət apardığını göstərir.

Redaksiya xəbər verir ki, Meta-nın 2025-ci ilin oktyabr ayına dair maliyyə hesabatına əsasən, Reels platformasının illik gəlir axını 50 milyard dolları ötüb. Bu göstərici növbəti 12 ay ərzində həmin məbləğdə gəlir əldə olunacağı proqnozunu formalaşdırır.

Məlumata görə, Reels-in maliyyə artımı olduqca sürətli olub. Platformanın gəliri 2022-ci ilin II rübündə 1 milyard dollar səviyyəsində olduğu halda, 2025-ci ilin III rübündə 50 milyard dollardan yuxarı qalxıb. Meta rəhbərliyi bu sıçrayışı süni intellektə əsaslanan tövsiyə sistemlərinin effektivliyi ilə əlaqələndirir.

Şirkətin baş icraçı direktoru Mark Zukerberqin sözlərinə görə, inkişaf etmiş alqoritmlər istifadəçilərə daha uyğun məzmun təqdim edir. Bu isə Instagram platformasında video izləmə müddətinin illik müqayisədə 30 faizdən çox artmasına səbəb olub. Meta gələcəkdə Reels-i daha geniş ekranlara, o cümlədən televiziya platformalarına çıxarmağı planlaşdırır.