Almaniya Kansleri Fridrix Merts İran İslam Respublikasının Birləşmiş Ərəb Əmirliklərinə qarşı dron və raket hücumlarını sərt şəkildə qınayıb. O, Almaniyanın BƏƏ xalqı və regiondakı tərəfdaşlarının yanında olduğunu bildirib.
Redaksiya dpa-ya istinadla xəbər verir ki, Merts Tehranın bölgədə gərginliyi artıran addımlarına son qoymalı olduğunu vurğulayıb. Kansler bildirib ki, İran danışıqlar masasına qayıtmalı, Hörmüz boğazının blokadasını dayandırmalı və nüvə silahı hazırlamamalıdır.
Merts qeyd edib ki, Almaniya regiondakı tərəfdaşlarına qarşı hər hansı təhdidi qəbuledilməz sayır. Onun sözlərinə görə, İranın hücumları təkcə BƏƏ-nin təhlükəsizliyinə deyil, həm də regional və beynəlxalq sabitliyə qarşı risk yaradır.
Almaniya kanslerinin açıqlaması Körfəzdə hərbi gərginliyin artdığı və Hörmüz boğazı ətrafında böhranın dərinləşdiyi vaxtda səslənib. Berlin diplomatik həll yolunu dəstəklədiyini, lakin İranın hücum və təhdid siyasətinə qarşı sərt mövqe tutduğunu nümayiş etdirib.
