Xalqımızın tarixində elə günlər vardır ki, həmin günlər tariximizə qızıl hərflərlə yazılıb. Məhz o günlərdən biri də 27 sentyabr 2020-ci il tarixidir. Əminliklə deyə bilərik ki, Zəfər salnaməmizin əsasının qoyulduğu bu gün millətin yaddaşından, hərb tariximizdən heç vaxt silinməyəcək.
Həmin gün süni şəkildə yaradılmış, lakin artıq keçmişdə qalmış “Qarabağ münaqişəsi”nin həllində yeni mərhələnin başlanğıcı qoyuldu. Məlum olduğu kimi bu münaqişənin həllində cavabdeh olan təşkilatın fəaliyyətsizliyi, ikili mövqe nümayiş etdirməsi, eləcə də bəzi beynəlxalq ermənipərəst dirələrin təsiri xalqımızın əsas məqsədə çatmaq üçün mübarizəsinə mane olmadı. Uzun müddət səbr, təmkin nümayiş etdirən Azərbaycan xalqı bir anda səfərbər oldu. Bütün dünya o vaxt yaxşı bilirdi Azərbaycanın mübarizəsi haqlı mübarizədir. Düşmənə qarşı mübarizənin beynəlxalq səviyyədə tanınmış sərhədlərimiz daxilində aparılması bunu əyani sübut edirdi.
Bu baxımdan bir sıra ermənipərəst dairələr və ölkələri çıxmaq şərtilə əksər beynəlxalq təşkilatlar və ölkələr Azərbaycanın haqq işini dəstəklədilər. 2020-ci ilin 27 sentyabr tarixində düşmənin növbəti təxribatına cavab olaraq Azərbaycan Ordusu tərəfindən başladılmış genişmiqyaslı hərbi əməliyyatlar regionda ümumi mənzərəni dəyişdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz düşmənə “Dəmir Yumruq” ifadəsinin nə olduğunu başa saldı. Düşmən anlayacağı dildə başa salındı. Döyüşlərin ilk günündə artıq Azərbaycan Ordusu inanılmazı bacardı. Düşünülmüş, vaxtında verilmiş qərarlar sayəsində ən mükəmməl şəkildə silahlanmış və hazırlanmış Azərbaycan əsgəri düşmənə layiq olduğu zərbəni məhz döyüş meydanında vurdu. Ərazinin relyefi, əvvəlcədən düşmənin müdafiə potensialını gücləndirməsi, o ana qədər üzbəüz mövqelərdə olan səviyyə fərqi Müzəffər ordumuz üçün heç nəyin problem olmadığını göstərdi. Hərb tarixinə düşmüş Vətən Müharibəsi cəmi 44 günə düşmənin ağ bayraq qaldırması, məhv olması ilə nəticələndi. Əlbəttə ki, tarixi uğurumuz asan başa gəlmədi. Mərd, qəhrəman oğullarımız torpaqlarımızın azadlığı uğrunda əsl şücaət nümayiş etdirdilər. Canları, qanları bahasına doğma torpaqlarımızı düşməndən azad etdilr.
Şəhidlər verdik, neçə-neçə canlar əbədi sağlamlığını itirdi. Möhtərəm Prezident cənab İlham Əliyev 2020-ci il dekabrın 2-də müharibənin başlandığı 27 sentyabr tarixinin Anım Günü olaraq qeyd edilməsi ilə bağlı “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” sərəncam imzaladı. Bu qərar şanlı bayrağımızı azad edilən torpaqlarımızda dalğalandırmış, bu yolda canlarını belə əsirgəməmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin hörmət və ehtiramın nümunəsi idi.
Aynur Cəfərova;
Neftçala rayonu
