Almaniyanın avtomobil istehsalçısı Mercedes-Benz ölkədəki zavodlarına yeni investisiyaları müvəqqəti dayandırıb və bəzi müəssisələrin bağlanması imkanını nəzərdən keçirir. Qərara yüksək əmək xərcləri və işçi nümayəndələri ilə aparılan danışıqların nəticəsiz qalması səbəb olub. Bu barədə Almaniyanın WELT nəşri məlumat yayıb.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, Mercedes-Benz rəhbərliyi Almaniyadakı istehsal müəssisələrinin xərclərini azaltmaq üçün işçilərin nümayəndələri və IG Metall həmkarlar ittifaqı ilə danışıqlar aparır. Lakin tərəflər hələlik əmək şəraitinin dəyişdirilməsi ilə bağlı razılığa gələ bilməyiblər.
Şirkətin istehsal üzrə rəhbəri Mixael Şibe bildirib ki, Almaniyadakı bəzi zavodlarda bir saatlıq əmək xərci konsernin Şərqi Avropadakı müəssisələri ilə müqayisədə beş dəfəyə qədər yüksəkdir. Onun sözlərinə görə, mövcud xərc strukturu Almaniyada yeni investisiyaların həyata keçirilməsini iqtisadi baxımdan çətinləşdirir.
Mercedes-Benz rəhbərliyi razılıq əldə olunmayacağı təqdirdə hansı zavodların fəaliyyətini davam etdirə biləcəyini qiymətləndirməyə məcbur qalacağını açıqlayıb.
Şirkətin əmək münasibətləri üzrə rəhbəri Britta Zeeger zavodların bağlanmasının qarşısını almaq istədiklərini, lakin bu variantın artıq daha ciddi şəkildə araşdırıldığını bildirib.
Məlumata görə, xərclərin azaldılması ilə bağlı razılaşma əldə edilməzsə, Mercedes-Benz yeni avtomobil modellərinin istehsalını yalnız Almaniyadan kənardakı müəssisələrində təşkil edə bilər.
Konsern maliyyə çətinlikləri fonunda işçilərin kompensasiya müqabilində könüllü ayrılması proqramını da dekabr ayında yenidən başlatmağa hazırlaşır.
Hələlik bağlanacaq zavodların yekun siyahısı açıqlanmayıb. Şirkətin gələcək qərarları əmək xərclərinin azaldılması ilə bağlı danışıqların nəticəsindən asılı olacaq.
