Meksikada tanınmış TikTok fenomeni Valeria Markez, canlı yayım zamanı silahlı hücum nəticəsində həyatını itirib. Bu hadisə, ölkədə qadınlara qarşı zorakılığın artması ilə bağlı narahatlıqları bir daha gündəmə gətirib.
Redaksiya xəbər verir ki, 23 yaşlı Valeria Markez, Meksikanın Xalisko ştatında yerləşən gözəllik salonunda TikTok platformasında canlı yayım edərkən silahlı hücuma məruz qalıb. Hadisə zamanı salonun içərisinə daxil olan iki nəfər, Valerianın adını soruşduqdan sonra ona atəş açıblar. Hücumçular hadisə yerindən motosikletlə uzaqlaşıblar.
Polisin məlumatına görə, hadisə ilə bağlı araşdırmalar davam etdirilir, lakin hələ ki, şübhəli şəxslər müəyyən edilməyib. İstintaq çərçivəsində təhlükəsizlik kameralarının görüntüləri və sosial media hesabları araşdırılır. Məlumata görə, hücumçuların qadını şəxsən tanımadığı ehtimal edilir, çünki onlar onun adını soruşublar.
Valeria Markezin ölümündən bir neçə gün əvvəl, Verakruz ştatında mer namizədi Yesenia Lara Qutierrez də seçki kampaniyası zamanı silahlı hücum nəticəsində həlak olmuşdu. Bu hadisə də canlı yayım vasitəsilə yayımlanmışdı.
Meksikada qadınlara qarşı zorakılıqla mübarizə aparmaq üçün bir sıra qanunlar qəbul edilsə də, ölkə hələ də dünyada qadın cinayətlərinin ən yüksək göstəricilərindən birinə malikdir. Mütəxəssislər, bu zorakılığın kökündə dərin kök salmış "maço" mədəniyyəti və gender əsaslı zorakılığa qarşı müqavimət göstərən institutların olduğunu vurğulayırlar.
Sevinc Kərimova
