ABŞ-da Tesla sahibi Ben Qavayzer şirkətə qarşı açdığı kiçik iddialar məhkəməsində qalib gəlib. Məhkəmə Tesla-nın ona 10 min 600 dollar ödəməsi barədə qərar çıxarıb.
Redaksiya Electrek-ə istinadla xəbər verir ki, Qavayzer 2021-ci ildə Tesla Model 3 avtomobili və “Full Self-Driving” paketini alıb. Lakin o, illərlə gözləməsinə baxmayaraq, şirkətin vəd etdiyi tam özünüidarəetmə imkanlarının təqdim edilmədiyini bildirib və ödənişin geri qaytarılmasını tələb edib.
Məlumata görə, məhkəmə Tesla-nın vədləri ilə real təqdim edilən funksiyalar arasında uyğunsuzluq olduğu qənaətinə gəlib. Qərara əsasən, şirkət müştəriyə 10 min 600 dollar kompensasiya ödəməlidir.
Tesla isə qərarla razılaşmır və ödənişi gecikdirməyə çalışır. Hadisə şirkətin FSD sistemi ilə bağlı uzun illərdir davam edən mübahisələri yenidən gündəmə gətirib.
Tənqidçilər bildirirlər ki, Tesla illərdir “tam özünüidarəetmə” ifadəsi ilə müştərilərdə yüksək gözlənti yaradıb, lakin sistem hələ də sürücünün nəzarətini tələb edir. Bu işin nəticəsi oxşar iddialarla məhkəməyə müraciət etmək istəyən digər Tesla sahibləri üçün də presedent kimi qiymətləndirilir.
