Mayami hava limanında FedEx təyyarəsi uçuş-enmə zolağından çıxıb

Mayami hava limanında FedEx təyyarəsi uçuş-enmə zolağından çıxıb

Könül Məmmədova · Media ·

ABŞ-ın Florida ştatındakı Mayami Beynəlxalq Hava Limanında FedEx şirkətinə məxsus yük təyyarəsi eniş zamanı uçuş-enmə zolağının hüdudlarından çıxıb. Hadisədən sonra hava limanında uçuş əməliyyatlarına müvəqqəti məhdudiyyət tətbiq edilib. Bu barədə BNO News və yerli WSVN telekanalı məlumat yayıb.

Redaksiya mənbəyə istinadən xəbər verir ki, hadisə noyabrın 25-də axşam saatlarında baş verib. İlkin məlumatlara əsasən, FedEx şirkətinə məxsus yük təyyarəsi eniş zamanı zolağın sonunu keçərək onun hüdudlarından kənara çıxıb.

ABŞ Federal Aviasiya Administrasiyası (FAA) hadisədən sonra Mayamiyə istiqamətlənən bəzi reyslər üçün müvəqqəti uçuş qadağası — *ground stop* tətbiq edib.

FAA-nın ilkin bildirişinə əsasən, məhdudiyyət yerli vaxtla saat 20:16-da qüvvəyə minib və onun 21:45-dək davam etməsi nəzərdə tutulub. Təsirlənən reyslər üçün orta gecikmə müddəti təxminən 44 dəqiqə qiymətləndirilib.

Hava hərəkətini idarəetmə xidmətinin əməkdaşı pilotlara hava limanında əməliyyatların dayandırıldığını bildirib.

“Hava limanı indicə bağlandı. Təyyarələrdən biri uçuş-enmə zolağından kənara çıxıb. Buna görə də uçuşların bərpası müəyyən vaxt aparacaq”, – deyə dispetçer məlumat verib.

Yerli WSVN telekanalının yaydığı görüntülərdə FedEx yük təyyarəsinin ətrafına fövqəladə xidmət əməkdaşlarının və xüsusi texnikanın cəlb olunduğu görünür.

Hadisə zamanı Mayami hava limanında yağışlı hava şəraitinin hökm sürdüyü bildirilir. Bununla belə, təyyarənin zolaqdan çıxmasının məhz hava şəraiti ilə əlaqəli olub-olmadığı hələ müəyyənləşdirilməyib.

İlkin məlumatlarda təyyarənin göyərtəsində neçə nəfərin olduğu, xəsarət alanların olub-olmadığı və hava gəmisinə dəymiş ziyanın miqyası açıqlanmayıb.

Hadisənin səbəbləri və uçuşların normal rejimə qayıtması ilə bağlı əlavə məlumatların rəsmi araşdırmadan sonra dəqiqləşdirilməsi gözlənilir.