Amazon meşələrinin dərinliklərində yaşayan dünyanın ən təcrid olunmuş qəbilələrindən biri olan Maşko Pironun xarici dünya ilə təması zorakılıq və yoluxucu xəstəlik risklərini artırır.
Redaksiya xəbər verir ki, son dövrlərdə Maşko Piro qəbiləsinin üzvləri xarici insanlarla qarşılaşıblar. Bu təmasların qəbilə üçün ölümcül nəticələr doğura biləcəyi bildirilir. 2024-cü ildə qəbilənin torpaqlarına girən iki meşə işçisi oxlarla öldürülmüşdü. Atalardan qalan torpaqlarda toxumçuluq fəaliyyətlərinin artması qarşılaşmaları daha da sıxlaşdırır. Peru hökuməti bəzi əraziləri qoruq elan etsə də, hüquq müdafiəçiləri qadağalara baxmayaraq, toxumçuluq fəaliyyətlərinin davam etdiyini qeyd edirlər.
Maşko Piro qəbiləsi tarix boyu xarici dünyadan uzaq qalmağı seçib və nadir hallarda baş verən təmaslarda adətən aqressiv davranıb. 2024-cü ildə baş verən hadisə — iki meşə işçisinin ox və yayla öldürülməsi — kənar müdaxilənin qəbilə üçün nə qədər həssas nəticələr doğura biləcəyini göstərdi.
Hüquq müdafiəçilərinin sözlərinə görə, artan toxumçuluq fəaliyyəti yalnız zorakılıq riskini deyil, həm də xəstəlik təhlükəsini artırır. Qəbilə üzvlərinin immunitet sistemi müasir dünyada yayılmış mikroblara qarşı müdafiəsizdir. Survival International təşkilatının yaydığı fotolarda Maşko Piro qəbiləsinin üzvlərinin toxumçuların yaxınlığında göründüyü əks olunub. Qurum hökumət tərəfindən verilən lisenziyalar əsasında fəaliyyət göstərən şirkətlərin qəbiləni ciddi təhlükəyə atdığını vurğulayır.
Survival International-ın tədqiqatçısı Teresa Mayo bildirib ki, “qarşıdurma an məsələsidir. Şirkətlər hökumət lisenziyaları ilə fəaliyyət göstərir, bu da həm qəbilə üzvlərinin, həm də işçilərin həyatını riskə atır”.
Meşə İdarəetmə Şurası (FSC) bölgədə fəaliyyət göstərən “Maderera Canales Tehuamanu” adlı şirkətə noyabra qədər əməliyyatlarını dayandırmaq göstərişi verib. Lakin hüquq müdafiəçiləri hələ də ağır texnikaların və yeni körpü qurğularının görüldüyünü, qadağanın icra edilmədiyini bildirirlər.
Peru Mədəniyyət Nazirliyi isə Survival International-ın hesabatını araşdırdığını açıqlayıb. Nazirlik yerli qəbilələrin müdafiəsi üçün 8 qoruq yaradıldığını, 5 yeni qoruğun planlaşdırıldığını və 19 nəzarət məntəqəsində 59 əməkdaşın qoruma işləri apardığını bəyan edib.
2025-ci ildə qəbilələrin qorunması üçün ayrılan büdcə ikiqat artırılıb və il ərzində bölgədə 440-dan çox patrul həyata keçirilib.
Sevinc Kərimova
