İlon Mask məhkəmədə xAI şirkətinin Grok modelini hazırlayarkən OpenAI modellərindən qismən yararlandığını etiraf edib. Məlumat Maskın OpenAI, Sem Altman və Qreq Brokmana qarşı iddiası üzrə Kaliforniya federal məhkəməsində verdiyi ifadə zamanı üzə çıxıb.
Redaksiya TechCrunch-a istinadla xəbər verir ki, Maskdan xAI-nin Grok modelini öyrətmək üçün OpenAI modellərindən distillə üsulu ilə istifadə edib-etmədiyi soruşulub. O, əvvəlcə bunun Sİ şirkətləri arasında ümumi praktika olduğunu bildirib, daha sonra isə dəqiq cavab tələb ediləndə “qismən” cavabını verib.
Distillə daha güclü modelin cavablarından istifadə etməklə başqa bir modelin öyrədilməsi üsuludur. Bu metod texnologiya sektorunda geniş tətbiq olunsa da, istifadə olunan məlumatların mənbəyi, icazə şərtləri və xidmət qaydaları baxımından hüquqi risklər yarada bilər.
Maskın etirafı OpenAI və digər böyük Sİ şirkətlərinin rəqiblərin modellərindən istifadə praktikasına qarşı daha sərt mövqe tutduğu bir vaxtda diqqət çəkib. TechCrunch yazır ki, OpenAI, Anthropic və Google son dövrlərdə bu cür distillə cəhdlərinin qarşısını almaq üçün birlikdə məlumat mübadiləsi mexanizmləri üzərində işləyirlər.
Məhkəmə prosesi OpenAI-nin qeyri-kommersiya missiyasından uzaqlaşaraq kommersiya yönümlü struktura çevrilməsi ilə bağlıdır. Mask isə iddia edir ki, şirkət ilkin məqsədlərindən kənara çıxıb, OpenAI tərəfi isə bu ittihamları rədd edir.
