Meta-nın baş direktoru Mark Zukerberq texnologiya sahəsində rəqiblərindən biri olan Apple şirkətinə qarşı yenidən tənqidi mövqeyini ortaya qoyub. O, Apple-ın texnologiyaya daha qapalı yanaşdığını bildirib və süni intellekt sahəsində Google-un daha açıq və çevik platforma təqdim etdiyini vurğulayıb.
Redaksiya məlumat verir ki, Zukerberqin sözlərinə görə, Google-un AI və Android infrastrukturu inkişaf üçün daha əlverişlidir. O, həmçinin istehzalı şəkildə Apple-ın texnoloji siyasətini tənqid edərək, Google-u seçməyin daha məntiqli olduğunu bildirib.
Bu açıqlama, texnologiya dünyasında uzun illərdir davam edən Meta–Apple rəqabətinin yeni bir mərhələsi kimi qiymətləndirilir. Xüsusilə, Apple CEO-su Tim Kukun əvvəlki çıxışları da bu qarşıdurmanın fonunu gücləndirir. Belə ki, Tim Kuk daha əvvəl Facebook-un gizlilik siyasəti ilə bağlı ABŞ Konqresində tənqid olunan Zukerberqə üstüörtülü mesaj göndərərək demişdi:
"Mən heç vaxt belə bir vəziyyətə düşməzdim."
Mütəxəssislər bu qarşılıqlı açıqlamaları, texnoloji nəhənglər arasında süni intellekt, məlumat təhlükəsizliyi və platforma azadlığı uğrunda gedən mübarizənin davamı kimi qiymətləndirirlər.
Fərid Əlizadə
