Lavrov NATO-nun Rusiya ilə müharibəyə hazırlaşdığını dedi

Lavrov NATO-nun Rusiya ilə müharibəyə hazırlaşdığını dedi

Sona Osmanova · Siyasət ·

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Avropa siyasi liderlərinin açıqlamalarına diqqət çəkərək, NATO daxilində Rusiyaya qarşı müharibəyə ciddi hazırlıq aparıldığını bəyan edib. O, bu fikirləri Rusiya diplomatiyasının 2025-ci il üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransında səsləndirib.

Redaksiya xəbər verir ki, Sergey Lavrovun sözlərinə görə, Avropa liderlərinin, o cümlədən NATO-nun baş katibi Mark Rüttenin, həmçinin Kaya Kallas, Ursula fon der Lyayen, Merts, Starmer və Makronun çıxışları onların Rusiyaya qarşı müharibəyə hazırlaşdıqlarını açıq şəkildə göstərir və bu niyyətlər gizlədilmir. Nazir bildirib ki, bu bəyanatları oxumaq kifayətdir ki, Avropanın mövqeyi aydın olsun.

Lavrov Rusiyanın Ukrayna məsələsinə yanaşmasını da izah edərək qeyd edib ki, Moskvanın mövqeyi “iki sözlə desək, böhranın ilkin səbəblərinin aradan qaldırılmasının vacibliyindən ibarətdir”. Onun sözlərinə görə, Qərb uzun illər ərzində qəsdən Ukraynanı Rusiyanın təhlükəsizliyinə təhdidə çevirmək üçün şərait yaradıb və ölkənin sərhədləri yaxınlığında Rusiyaya qarşı plasdarm formalaşdırıb.

Nazir əlavə edib ki, 2014-cü ildə dövlət çevrilişi nəticəsində hakimiyyətə gəlmiş və açıq şəkildə nasist yönümlü olan rejim Qərbin təşviqi ilə rus dilinə, rus mədəniyyətinə, təhsilə, kütləvi informasiya vasitələrinə, eləcə də kanonik Ukrayna pravoslav kilsəsinə qarşı həm qanunvericilik, həm də fiziki müstəvidə məhv siyasəti aparıb. Bu amillər, Lavrovun fikrincə, mövcud böhranın əsas kök səbəblərini təşkil edir.