BlackRock şirkətinin baş icraçı direktoru Larry Fink dünyada korrupsiyanın azaldılması üçün qlobal miqyasda vahid rəqəmsal valyuta sisteminə daha sürətli keçidin vacibliyini vurğulayıb. Onun fikrincə, bu sistem vahid və birləşdirilmiş blokçeyn əsaslı olmalı, bütün maliyyə və real aktivləri əhatə etməlidir.
Redaksiya xəbər verir ki, Larry Fink öz baxışında səhmlər, istiqrazlar, daşınmaz əmlak, pul bazarı fondları və nağd vəsait daxil olmaqla bütün aktivlərin vahid sistemdə birləşdirilməsini təklif edib. O bildirib ki, belə bir struktur şəffaflığı artırmaqla yanaşı, maliyyə əməliyyatlarında sui-istifadə hallarının qarşısını almağa kömək edə bilər.
BlackRock rəhbərinin sözlərinə görə, bu sistemdə mülkiyyət hüquqları tokenləşdirilmiş formada olacaq, bölünə biləcək, proqramlaşdırıla biləcək və dərhal ötürülə biləcək. Bu yanaşma aktivlərin idarə olunmasını daha çevik və əlçatan edəcək.
Larry Fink əlavə edib ki, onun təsəvvür etdiyi modeldə bütün iqtisadi fəaliyyət vahid blokçeyn reyestri üzərində işləyəcək və bu reyestr hər şeyi əhatə edəcək. O, bu cür mərkəzləşdirilmiş texnoloji yanaşmanın qlobal maliyyə sistemində yeni mərhələ açacağını və uzunmüddətli perspektivdə etimadı gücləndirəcəyini qeyd edib.
