Laçının nəqliyyat və turizm potensialı region üçün yeni inkişaf imkanları açır

Laçının nəqliyyat və turizm potensialı region üçün yeni inkişaf imkanları açır

Yulduz Səlimov · Turizm ·

Çoxəsrlik tarixə malik Azərbaycanın ən gözəl təbiətə malik guşələrindən biri olan Laçının gələcək inkişafında nəqliyyat və turizm infrastrukturu mühüm rol oynayır. Rayonun coğrafi mövqeyi nəqliyyat əlaqələrinin inkişafını strateji zərurətə çevirir. Bu baxımdan Kəlbəcər-Laçın avtomobil yolunun tikintisi xüsusi əhəmiyyət daşıyır.

Yeni avtomobil yolunun uzunluğunun 75,8 kilometr olması və mövcud yoldan daha qısa marşrut yaratması nəqliyyat əlaqələrinin səmərəliliyini artıracaq. Yolun müxtəlif texniki dərəcələr üzrə inşası onun nəqliyyat yükünün daha effektiv bölüşdürülməsinə imkan verəcək. Yol üzərində tunel və körpülərin tikilməsi mürəkkəb dağlıq relyef şəraitində nəqliyyat imkanlarının yaxşılaşdırılmasına xidmət edir. Bu layihə Laçının digər rayonlarla əlaqəsini asanlaşdırmaqla yanaşı, iqtisadi fəallığın artmasına da şərait yarada bilər. Nəqliyyat imkanlarının genişlənməsi turizm sektorunun inkişafı üçün də vacib amildir. Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi bu baxımdan yeni imkanlar yaradıb. Hava limanının 1700 metr yüksəklikdə yerləşməsi onun Azərbaycanın ən yüksəkdə yerləşən aeroportu kimi xüsusiyyətini müəyyənləşdirir.

Uçuş-enmə zolağının ölçüləri müxtəlif tipli hava gəmilərinin qəbuluna imkan verir. Terminalın sərnişinlərə xidmət imkanları isə gələcəkdə turist axınının artmasına şərait yarada bilər. Hava limanının Laçın, Şuşa və Kəlbəcərə nisbətən yaxın məsafədə yerləşməsi onun regional əhəmiyyətini artırır. Bu baxımdan aeroport yalnız Laçının deyil, bütövlükdə Qarabağın turizm sisteminin inkişafına xidmət edə bilər. Laçının turizm potensialının əsasını onun təbii landşaftı, dağları, çayları və meşələri təşkil edir. Lakin təbii potensialın iqtisadi nəticəyə çevrilməsi üçün müasir turizm infrastrukturu da tələb olunur. Bu istiqamətdə “Laçın” İstirahət Kompleksinin yaradılması mühüm addımlardan biridir. Kompleksin hotel, kottec, konfrans və tədbir imkanlarına malik olması onun çoxfunksiyalı turizm məkanı kimi inkişafına şərait yaradır. Burada yerli sakinlərin də işlə təmin olunması turizmin sosial-iqtisadi əhəmiyyətini artırır.

Laçın şəhərində çaykənarı bulvarın yaradılması da şəhərin istirahət və turizm imkanlarını genişləndirir. Həkəri çayı ətrafında göl, asma körpü, yaşıllıq və istirahət obyektlərinin yaradılması şəhər mühitini turistlər üçün daha cəlbedici edir. Laçın kanat yolunun inşası isə dağlıq landşaftdan turizm məqsədləri üçün istifadə baxımından əlavə imkan formalaşdırır. Kanat yolunun həm şəhər sakinlərinə, həm də turistlərə xidmət göstərməsi nəzərdə tutulur. Turizm infrastrukturunun inkişafı yerli sahibkarlığın genişlənməsi üçün də yeni imkanlar yarada bilər. Hotelçilik, iaşə, nəqliyyat, bələdçilik və digər xidmət sahələrində yeni iş yerlərinin yaranması bunun mümkün nəticələrindəndir. Laçında “Hoçazfilm” yaradıcılıq studiyasının yaradılması turizm və mədəniyyət imkanlarını birləşdirən maraqlı layihələrdən biridir. Bu studiya regionun təbiətinin və tarixi mühitinin audiovizual təqdimatına imkan yarada bilər. Beləliklə, Laçının nəqliyyat və turizm infrastrukturu bir-birini tamamlayan inkişaf istiqamətləri kimi çıxış edir. Nəticədə Laçın yalnız yenidən məskunlaşdırılan şəhər deyil, həm də regionun turizm və xidmət mərkəzlərindən birinə çevrilmək potensialına malikdir.

Esmira Məmmədzadə

Neftçala rayonu