“Kristal”ın mənzil satışından gəlirləri 214 mln. manata “sıçrayıb”

“Kristal”ın mənzil satışından gəlirləri 214 mln. manata “sıçrayıb”

Aytac Dəniz · İqtisadiyyat ·

“Kristal Bakı” ASC 2025-ci ili 8,25 milyon manat xalis mənfəətlə başa vurub. Şirkət 2024-cü ildə 3,28 milyon manat zərər açıqlamışdı. İlin sonuna balansdakı yığılmış zərər 23,2% artaraq 41,16 milyon manata çatıb. Maraqlıdır, balansında yığılmış zərərdə olan biznes hesabatda il ərzində elan edilmiş 16 milyon manat dividend kapitaldan çıxılıb.

Banker.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, gəlirlər illik 267,4% artaraq 214,45 milyon manat olub. 2025-ci ildə gəlirlərin hamısı mənzil satışından formalaşıb. Satışın maya dəyəri 348,3% artaraq 176,89 milyon manata, ümumi mənfəət isə 98,5% artaraq 37,56 milyon manata yüksəlib. İnzibati və ümumi xərclər 44,2% artaraq 16,79 milyon manat, maliyyə xərcləri 55,2% artaraq 31,14 milyon manat təşkil edib. Faiz gəlirləri 134,9% artaraq 20,59 milyon manata, əməliyyat mənfəəti isə 189,5% artaraq 20,84 milyon manata çatıb.

Şirkətin aktivləri 7,6% artaraq 719,65 milyon manata, öhdəlikləri 8,3% artaraq 759,81 milyon manata yüksəlib. Kapitalın mənfi qalığı 23,9% böyüyərək 40,16 milyon manat olub. Debitor borcları 313,6% artaraq 62,78 milyon manata, ticarət və digər kreditor borcları 27,1% artaraq 44,19 milyon manata çatıb. Pul vəsaitləri və onların ekvivalentləri 539,1 min manatdan 3,89 milyon manata yüksələrək 622,2% artıb. Tikilməkdə olan yaşayış kompleksləri üzrə kapitallaşdırılmış məsrəflər 12,4% artaraq 496,57 milyon manat, mal-material ehtiyatları isə 35% azalaraq 15,68 milyon manat təşkil edib.

Qısamüddətli öhdəliklər 20,2% artaraq 78,56 milyon manata, uzunmüddətli öhdəliklər 7,1% artaraq 681,26 milyon manata yüksəlib. Müddətli borc vəsaitləri 40,5% artaraq 255,27 milyon manata, təsisçilərdən alınmış borclar üzrə öhdəliklər 10,4% artaraq 157,14 milyon manata çatıb. Tikintisi tamamlanmamış və təhvil verilməmiş mənzillər üçün müştərilərdən alınmış avanslar 9,8% azalaraq 293,1 milyon manat olub. Əmlak, tikili və avadanlıqların balans dəyəri 0,6% artaraq 8,42 milyon manata yüksəlib. Əməliyyat fəaliyyəti üzrə xalis pul çıxışı 41,6% azalaraq 82,43 milyon manat təşkil edib. Auditor 15,68 milyon manatlıq mal-material ehtiyatlarının miqdarına dair yetərli audit sübutu əldə edə bilmədiyinə görə hesabata şərti müsbət rəy verib.

“Kristal Bakı” ASC 19 mart 2020-ci ildə qeydiyyata alınıb, yaşayış binalarının, sənaye və ictimai obyektlərin tikintisi ilə məşğuldur. Nizamnamə kapitalı illik müqayisədə dəyişməyərək 1 milyon manat qalıb. Səhmlərin 50%-i Pərviz Vəliyevə, 25%-i Fərid Nəbiyevə, 25%-i isə Araz Nəbiyevə məxsusdur. İşçilərin sayı 2025-ci ilin əvvəlindəki 1 254 nəfərdən ilin sonunda 1 504 nəfərə yüksələrək 19,9% artıb.