Kreml: “Rusiya xalqı Putinə əlavə yüklənməyə hazırdır”

Kreml: “Rusiya xalqı Putinə əlavə yüklənməyə hazırdır”

Sevinc Kərimova · Siyasət ·

Kremlin mətbuat katibi Dmitri Peskov Rusiyanın hazırkı şəraitində Prezident Vladimir Putinə dəstəyin davam etdiyini bildirib. “Ölkəmizin əhalisinin böyük əksəriyyəti Prezident Putinin siyasəti ilə tam razıdır. Bu, danılmaz faktdır və demək olar ki, heç kim bunu inkar edə bilməz. Mövcud vəziyyətdə Putini dəstəkləyənlər əlavə yükə hazırdırmı? Mənim heç bir şübhəm yoxdur ki, hazırdırlar,” – deyə Peskov “RBC radio”ya müsahibəsində söyləyib.

Redaksiya xəbər verir ki, digər tərəfdən Ukraynanın pilotsuz aparat hücumları səbəbilə Rusiya yanacaq çatışmazlığı ilə üzləşib. Reuters-in məlumatına görə, zərbələr bəzi günlərdə neftayırma zavodlarının istehsalını 20 faizə qədər azaldıb və ixracı məhdudlaşdırıb.

Xüsusilə 92 və 95 oktanlı benzinlə bağlı çatışmazlıq Uzaq Şərqdə, Krımda, Volqa bölgəsində, həmçinin cənub və mərkəzi vilayətlərdə müşahidə olunur. Ölkə bazarının 40 faizini təşkil edən özəl yanacaqdoldurma məntəqələrinin isə tədarükdəki kəsintilər və yüksək kreditlər səbəbilə iflasın astanasında olduğu bildirilir.

Rusiya rəsmiləri vəziyyəti “müvəqqəti” kimi qiymətləndirsələr də, yanacaq satıcıları böhranın sistem xarakteri daşıdığını qeyd edirlər.