Alimlərin apardığı araşdırmalar oxu vərdişinin insan sağlamlığına və uzunömürlülüyə müsbət təsir göstərə biləcəyini irəli sürür. İddialara görə, mütəmadi kitab oxuyan şəxslərin ömrü orta hesabla ən azı 2 il uzana bilər və bu təsir təhsil səviyyəsindən, gəlirdən və genetik faktorlardan asılı deyil.
Redaksiya xəbər verir ki, tədqiqat müəllifləri oxu prosesinin beyin fəaliyyətinə xüsusi təsir göstərdiyini bildirirlər. Onların fikrincə, kitab oxuyarkən beyin meditasiya vəziyyətinə daxil olur, sinir sistemi sakitləşir və stress səviyyəsi minimum həddə enir.
Araşdırmada qeyd olunur ki, oxu vərdişi beynin yaşlanma prosesini xeyli ləngidir, demensiya və qocalıq zəifliyi riskini azalda bilər. Alimlər bu təsirin uzunmüddətli perspektivdə zehni sağlamlığın qorunmasına xidmət etdiyini vurğulayırlar.
Mütəxəssislər gündəlik oxu üçün konkret tövsiyələr də irəli sürürlər:
• Gündə 20 dəqiqə oxumaq kifayətdir.
• Audiokitablardan istifadə də mümkündür.
• Əsas şərt diqqətin mətnə yönəldilməsi, videolar və digər yayındırıcı vasitələrdən uzaq durmaqdır.
