Kibertəhlükəsizlik Mərkəzinin məzunu Beynəlxalq Telekommunikasiya İttifaqının “Gənc Elçisi” seçildi

Kibertəhlükəsizlik Mərkəzinin məzunu Beynəlxalq Telekommunikasiya İttifaqının “Gənc Elçisi” seçildi

Aytac Dəniz · İqtisadiyyat ·

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) 5-ci dalğa məzunu və hazırda Mərkəzin mentoru kimi fəaliyyət göstərən Aytac Kazımlı Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) “Generation Connect Youth Envoys” (2026–2030) proqramının Azərbaycan və MDB regionu üzrə Gənc Elçisi seçilib.

“Generation Connect Youth Envoys” proqramı Azərbaycan və MDB regionunda gənclərin beynəlxalq təcrübə və əməkdaşlıq imkanlarını genişləndirmək, onların rəqəmsal inkişaf sahəsində yeni təşəbbüslərlə çıxış etməsinə və bu proseslərə daha fəal cəlb olunmasını təşviq etmək məqsədi daşıyır.

AKM məzunu bütün mərhələləri uğurla tamamlayaraq 61 ölkədən seçilmiş 184 gənc lider arasında yer alıb. O, proqram çərçivəsində rəqəmsal inkişaf və İKT istiqaməti üzrə Azərbaycanı və MDB regionunu beynəlxalq səviyyədə təmsil edəcək.

Aytac 2022-ci ildə “Teknofest” yarışında final mərhələsinə yüksəlib, “Huawei”nin “Networking” İKT yarışının isə qalibi olub. O, həmçinin Malayziya Texniki Əməkdaşlıq Proqramı (MTCP) çərçivəsində keçirilən “Digital Defenders: Cybersecurity Readiness for a Resilient Digital Future” proqramında Azərbaycanı təmsil edib. Yerli platformalarda da uğurları ilə seçilən Aytac “PAŞA Holding”in “Future Shapers Digital 2025” proqramında finalistlər sırasında yer alıb.

İRİA nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin əsas məqsədi ölkədə peşəkar kadr potensialının formalaşdırılmasına, gənclərin İKT və kibertəhlükəsizlik sahəsində ixtisaslı mütəxəssis kimi yetişməsinə və peşəkar inkişafına töhfə verməkdir.