Dünyanın müxtəlif ölkələrində bank və maliyyə qurumlarına qarşı kiberhücumların sayı artır. Cənubi Koreyada baş verən son insident nəticəsində 86 min 611 müştərinin şəxsi məlumatları ələ keçirilib. Hadisə ölkənin əmanət bankçılığı sektorunda qeydə alınan ən böyük məlumat sızması kimi qiymətləndirilib.
Bu barədə "CNN Türk" məlumat yayıb.
Kiberhücum Koreya İnvestisiya Holdinqinin törəmə şirkəti olan Koreya İnvestisiya Əmanət Bankının mobil internet xidmətini hədəf alıb. Bankın açıqlamasına görə, noyabrın 22-də yerli vaxtla saat 22:42-dən noyabrın 23-də saat 03:35-dək davam edən icazəsiz müdaxilə nəticəsində 86 min 433 müştərinin məlumatları ələ keçirilib.
Noyabrın 25-də baş vermiş daha bir məlumat sızması zamanı isə əlavə 178 müştərinin şəxsi məlumatları oğurlanıb. Beləliklə, insidentdən zərər çəkənlərin ümumi sayı 86 min 611 nəfərə çatıb.
Ələ keçirilən məlumatlar arasında müştərilərin adları, doğum tarixləri, cinsləri, mobil telefon nömrələri və internet üzərindən şəxsiyyətin təsdiqlənməsi üçün istifadə olunan bilgilər yer alıb. Bank maliyyə əməliyyatlarına dair məlumatların bu hücumdan təsirlənmədiyini bildirib.
Hadisədən sonra bank icazəsiz giriş imkanlarını aradan qaldırdığını, bəzi xidmətləri müvəqqəti dayandırdığını və təhlükəsizlik tədbirlərini gücləndirdiyini açıqlayıb. Müştərilərə şübhəli keçidlərə daxil olmamaq və şəxsi məlumatlarını naməlum mənbələrə təqdim etməmək barədə xəbərdarlıq edilib.
Cənubi Koreyada altı bank hücuma məruz qalıb
Son insidentlə birlikdə Cənubi Koreyada kiberhücumların hədəfinə çevrilən əmanət banklarının sayı altıya yüksəlib. Daha əvvəl "Yegaram", OK, "Welcome", DB və "Hana" bankları da oxşar hücumlarla üzləşib.
Ölkədə oktyabr ayında 16 maliyyə qurumuna təsir edən kiberinsidentlər nəticəsində təxminən 100 min müştərinin məlumatlarının üzə çıxdığı bildirilmişdi. Hücumların banklarla yanaşı, ödəniş xidməti təminatçılarını və kriptovalyuta şirkətlərini də əhatə etdiyi qeyd olunmuşdu.
Fransada 100 milyon avroluq qanunsuz köçürmə
Kiberhücumlar Avropanın maliyyə sektorunda da ciddi itkilərə səbəb olub. Fransanın "Crédit Mutuel Arkéa" bankında baş verən hadisə zamanı təxminən 100 milyon avro başqa banklara qanunsuz şəkildə köçürülüb.
Noyabrın 4-də açıqlanan məlumata görə, hücumçular bankın əməkdaşlıq etdiyi üçüncü tərəf xidmət təminatçısının sistemindən istifadə edərək əməliyyatlar həyata keçiriblər. Bank müştəri hesablarının və vəsaitlərinin zərər görmədiyini, bəzi köçürmələrin isə təhlükəsizlik məqsədilə müvəqqəti dayandırıldığını bildirib. Faktla bağlı Fransa prokurorluğu araşdırmaya başlayıb.
Yaponiyada 227 mindən çox elektron poçt ünvanı sızdırılıb
Yaponiyanın iri maliyyə qurumlarından "Sumitomo Mitsui Banking Corporation" da kiberhücumla üzləşib. Üçüncü tərəfə məxsus elektron poçt xidmətinə icazəsiz giriş nəticəsində 227 min 216 e-poçt ünvanının ələ keçirildiyi açıqlanıb.
Bank məlumatların Arara Message adlı xidmət vasitəsilə sızdırıldığını bildirib. Bununla belə, hesab nömrələrinin, əmanət qalıqlarının, PIN-kodların və internet bankçılığı şifrələrinin hadisədən təsirlənmədiyi vurğulanıb.
Yaponiyanın "Mitsubishi UFJ Bank"ı da əməkdaşlıq etdiyi şirkətin istifadə etdiyi KARTE sisteminə hücum nəticəsində bəzi müştəri məlumatlarının kənara sızdığını təsdiqləyib.
"JPMorgan", "Visa" və "Mastercard" da risklə üzləşib
ABŞ-da isə "JPMorgan Chase", "Visa" və "Mastercard" noyabr ayında üçüncü tərəf xidmət təminatçıları ilə əlaqəli kibertəhlükəsizlik insidentləri barədə məlumat veriblər.
"JPMorgan Chase" bəzi müştərilərin ad və elektron poçt ünvanlarının ələ keçirilmiş ola biləcəyini açıqlayıb. "Mastercard" müəyyən üstünlük proqramının məhdud sayda iştirakçısına aid e-poçt ünvanlarının sızdığını təsdiqləyib. "Visa" isə Asiya-Sakit okean regionunda xidmət göstərən tərəfdaşlarından birində məlumat təhlükəsizliyi pozuntusu qeydə alındığını bildirib.
Şirkətlər öz sistemlərinin və ödəniş şəbəkələrinin hücumlardan təsirlənmədiyini, kart nömrələri kimi ödəniş məlumatlarının ələ keçirilmədiyini bəyan ediblər.
Hindistanda dövlət bankının müştəri məlumatları qaranlıq şəbəkədə yayılıb
Hindistanın ən böyük bankı olan "State Bank of India" da oktyabr ayında kiberhücum iddiası ilə gündəmə gəlib. ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) kiberinsidentlər bazasında yer alan məlumata əsasən, hücum nəticəsində 3 min 897 müştəriyə aid qeydlər qaranlıq internetdə yayımlanıb.
Sızdırılan məlumatlara adlar, mobil telefon nömrələri, doğum tarixləri, cins, elektron poçt və yaşayış ünvanları, eləcə də bank filialları və müştəri identifikasiya nömrələri daxil olub. Bank hadisəni araşdırmaq üçün müstəqil kibertəhlükəsizlik şirkətini cəlb etdiyini və zərərçəkən müştəriləri məlumatlandırdığını açıqlayıb.
Son hadisələr maliyyə sektorunda kibertəhlükəsizliklə bağlı narahatlıqları daha da artırıb. Hücumlarda bankların öz sistemlərinə birbaşa müdaxilədən tutmuş, üçüncü tərəf xidmət təminatçılarının infrastrukturundan istifadəyə qədər müxtəlif üsullara əl atılır.
Bəzi insidentlərdə yalnız müştərilərin şəxsi məlumatları ələ keçirilsə də, digər hallarda milyonlarla avro dəyərində qanunsuz maliyyə əməliyyatları həyata keçirilib. Bu isə bankların təkcə öz informasiya sistemlərini deyil, əməkdaşlıq etdikləri şirkətlərin təhlükəsizlik infrastrukturunu da nəzarətdə saxlamasının vacibliyini göstərir. (Qaynarinfo)

Kiber cəhənnəm: 86 min müştərinin məlumatları və 100 milyon avro oğurlandı
Aytac Dəniz · Texnologiya ·