İsrailin Qəzzada atəşkəsə razılıq verməkdən imtina etməsi beynəlxalq ictimaiyyətin təzyiqlərini artırıb. Kanada hökuməti açıq şəkildə bildirib ki, əgər Təl-Əviv bu mövqeyində israr edərsə, ölkə Fələstin dövlətini tanımaq üçün zəruri diplomatik addımlar atacaq.
Redaksiya xəbər verir ki, bu barədə məlumatı “Əl-Cəzirə” yayıb. Bildirilib ki, rəsmi Ottava İsrailin humanitar öhdəliklərini yerinə yetirmədiyi halda, müstəqil Fələstin dövlətini tanımağa hazır olduğunu bəyan edib. Bu qərar, başda İngiltərə və Fransa olmaqla digər Qərb ölkələrinin mövqeyi ilə üst-üstə düşür.
Digər tərəfdən, “AFP” xəbər agentliyi yazır ki, Qətər, Səudiyyə Ərəbistanı, Misir və digər ərəb dövlətləri Qəzzada sülhün bərqərar olması üçün HƏMAS-ın silahı yerə qoymasını və bölgədəki siyasi hakimiyyətini dayandırmasını tələb edən ortaq bəyanata imza atıblar.
Sənəddə vurğulanır ki, Fələstin dövlətçiliyinin qurulması üçün HƏMAS silahlarını Fələstin Muxtariyyətinə təhvil verməli, daxili birliyin bərpası və vahid idarəetmə strukturunun formalaşdırılması təmin olunmalıdır.
Ekspertlər hesab edir ki, bu addım həm HƏMAS-a, həm də İsrailə siyasi təzyiqin artacağının göstəricisidir. Həm Qərb, həm də ərəb ölkələri Qəzzada davamlı sülh üçün vahid mövqedən çıxış etməyə çalışır.
Sevinc Kərimova
