Kamçatkada 8.8 bal gücündə zəlzələ baş verdi

Kamçatkada 8.8 bal gücündə zəlzələ baş verdi

Sevinc Kərimova · Hadisə ·

Rusiyanın şərqində, Kamçatka yarımadası yaxınlığında 8.8 bal gücündə güclü zəlzələ baş verib. Yeraltı təkanlar nəticəsində bölgədə fövqəladə vəziyyət elan olunub, sarsıntılar geniş ərazilərdə hiss olunub.

Redaksiya xəbər verir ki, ABŞ-ın CNN International telekanalının yaydığı məlumata görə, Kamçatkada qeydə alınan bu zəlzələ 2011-ci ildə Yaponiyada baş verən fəlakətdən, Rusiyada isə 1952-dən sonra dünyada qeydə alınan ən güclü təkanlardandır. Zəlzələnin episentri dənizdə yerləşdiyindən sunami təhlükəsi yaranıb. ABŞ-ın da bu zəlzələdən zərər görəcəyi düşünülür.

Rəsmi qurumların məlumatına əsasən, sunami dalğaları artıq Yaponiyanın sahil bölgələrinə çatıb. Dalğaların Havay adalarına da yaxınlaşdığı, bəzi ərazilərdə sahili vurduğu bildirilib. Sahil bölgələrində təxliyə tədbirləri görülür. Adada fövqalədə vəziyyət elan edilib.

Zəlzələ zamanı Kamçatkada bir xəstəxanada aparılan cərrahiyyə əməliyyatı zamanı həkimlərin hadisəyə baxmayaraq əməliyyatı dayandırmadan davam etdikləri bildirilib. Sosial şəbəkələrdə yayılan görüntülər Rusiya ictimaiyyətində böyük rəğbətlə qarşılanıb.

Hazırda bölgədə axtarış-xilasetmə işləri davam edir. Yerli hakimiyyət orqanları insan tələfatı və dağıntılarla bağlı dəqiq məlumat verməsə də, beynəlxalq müşahidəçilər hadisənin miqyasının ciddi olduğunu bildirirlər.

Rusiya və digər Sakit okean ölkələri sahilyanı ərazilərdə yüksək hazırlıq vəziyyətinə keçib. Sunami dalğalarının yeni ərazilərə çatma ehtimalı səbəbilə xəbərdarlıq və təxliyə çağırışları davam edir.

Sevinc Kərimova