ABŞ-nin keçmiş vitse-prezidenti və prezident seçkilərində namizəd olmuş Kamala Harris Venesuelada baş verən hadisələrlə bağlı mövqeyini açıqlayıb. O, sosial media platforması X üzərindən paylaşdığı bəyanatda ABŞ administrasiyasının atdığı addımları kəskin tənqid edib.
Redaksiya xəbər verir ki, Kamala Harris ABŞ prezidenti Donald Trampın Venesuelaya dair qərarlarının Amerikanın təhlükəsizliyini, gücünü və vətəndaşların rifahını artırmadığını bildirib. Onun sözlərinə görə, Nikolas Maduronun qeyri-legitim və sərt idarəçiliyi bu addımların qanunsuz və düşünülməmiş olmasını dəyişmir.
Harris qeyd edib ki, rejim dəyişikliyi və ya neft uğrunda aparılan müharibələr əvvəllər də “güc nümayişi” adı altında təqdim olunub, lakin nəticədə xaosa səbəb olub və bunun bədəlini Amerika ailələri ödəyib. O, ABŞ cəmiyyətinin bu cür siyasətdən yorulduğunu və aldadılmaq istəmədiyini vurğulayıb.
Bəyanatda bildirilib ki, məsələ nə narkotiklərlə mübarizə, nə də demokratiya ilə bağlıdır, əsas məqsəd enerji maraqları və regional güc nümayişidir. Kamala Harris əlavə edib ki, bu yanaşma hərbi riskləri artırır, milyardlarla dollar xərclənməsinə səbəb olur, regionda sabitliyi pozur və ölkə daxilində vətəndaşlara real fayda vermir.
O, ABŞ üçün əsas prioritetlərin ailələrin xərclərinin azaldılması, hüququn aliliyinin qorunması, müttəfiqlərlə münasibətlərin gücləndirilməsi və Amerika xalqının maraqlarının önə çəkilməsi olduğunu bildirib.
