Aİ-nin yüksək nümayəndəsi Kallas Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı Baş qərargahında keçirilən BMT Təhlükəsizlik Şurasındakı (BMTŞ) “Aİ-BMT iş birliyi” sessiyasında çıxış edib. O, çox tərəflilik və beynəlxalq hüquqa yönəlmiş qlobal bağlılığın yenilənməsi çağırışı edib.
Redaksiya məlumat verir ki, Kallas çıxışında bildirib ki, “dəniz yolları getdikcə daha çox mübahisəli xarakter alır və təhdidlər gəmi marşrutlarına qarşı hücumlardan dənizaltı infrastrukturunun sabotajına qədər uzanır”. O, həmçinin “Bu gün Hörmüz boğazında yaşananlar dəniz təhlükəsizliyi ilə bağlı güclü beynəlxalq koalisiyaya yönəlmiş ən açıq çağırışdır. Masada bir çox təşəbbüs var, lakin hədəflər sadədir: bu marşrut üzrə bütün yüklərin təhlükəsiz keçidi” ifadələrini işlədib.
Kallas qlobal təhlükəsizliyin iqtisadi sabitlik və enerji təchizatının dəniz təhlükəsizliyi ilə sıx bağlı olduğunu vurğulayıb. O, Aİ-nin xüsusilə BMT-nin Dəniz Hüququ üzrə Konvensiyasına əməl etməyən, beynəlxalq hüquqa zidd olaraq naviqasiya azadlığını məhdudlaşdırmaq cəhdlərinə qarşı mövqeyini davam etdirəcəyini bildirib.
Bu kontekstdə Kallas Yaxın Şərqdə gedən müharibə ilə yanaşı Rusiya-Ukrayna müharibəsinə də toxunub. O, bu iki münaqişə bölgəsinin II Dünya müharibəsindən bəri beynəlxalq hüququn ən ciddi şəkildə pozulduğu sahələr olduğunu qiymətləndirib. Kallas həmçinin BMTŞ-də xüsusilə 5 daimi üzvün veto səlahiyyətindən həddindən artıq istifadə etməsinin Şuranın münaqişə bölgələrindəki problemləri həll etmək imkanlarını məhdudlaşdırdığını qeyd edib və kütləvi vəhşilik hallarında veto hüququnun məhdudlaşdırılması ilə bağlı islahat aparılmasının zəruriliyinə diqqət çəkib.
Aİ-nin yüksək nümayəndəsi Kallas yekunda “İndi əsas məsələ pozulan çox tərəfli sistemin hamının xeyrinə işləyən bir quruluşa çevrilməsidir” deyib.
