Kaliforniya ştatının qubernatoru Gavin Nyusom İran xalqına dəstək bəyanatı ilə çıxış edərək ölkədə baş verən hadisələrə münasibət bildirib. O, İran əhalisinin zorakı repressiyalar, internet və elektrik enerjisinin kəsilməsi, həmçinin dərinləşən iqtisadi böhranla üzləşdiyini qeyd edib.
Redaksiya xəbər verir ki, qubernatorun açıqlamasında İranda baş verən genişmiqyaslı və davamlı etirazların onilliklərdir davam edən dövlət zorakılığına və əsas hüquqların inkarına qarşı fundamental dəyişiklik tələbi kimi qiymətləndirildiyi vurğulanıb.
Bəyanatda Kaliforniyada yaşayan İran icmasına dəstək ifadə olunub və ümumbəşəri insan hüquqlarının müdafiəsinin vacibliyi önə çəkilib. Nyusom mülki əhaliyə qarşı zorakılığın dərhal dayandırılmasına çağırıb.
Eyni zamanda internetə çıxışın bərpa edilməsi və İran xalqının öz gələcəyini sərbəst şəkildə müəyyən etmək hüququna hörmət olunmasının zəruri olduğu bildirilib. Qubernator beynəlxalq ictimaiyyəti bu çağırışlara biganə qalmamağa səsləyib.
