Dünyanın bir çox ölkəsində, o cümlədən ABŞ-da kimliyi məlum olmayan şəxslər üçün rəsmi sənədlərdə və məhkəmə işlərində John Doe (Con Do) və Jane Doe (Ceyn Do) adlarından istifadə olunur. Bu adlar əsasən meyitlərin tanınmadığı hallarda, hüquqi proseslərdə anonimliyi qorumaq məqsədilə tətbiq edilir.
Redaksiya xəbər verir ki, bu təxəllüslərin tarixi XIII əsr İngiltərəsinə gedib çıxır. O dövrdə torpaq mülkiyyətləri ilə bağlı məhkəmə işlərində nümunəvi və ya simvolik adlar lazım olurdu. John Doe və Richard Roe (Riçard Ro) bu məqsədlə istifadə edilirdi. Daha sonra bu praktika ABŞ-a keçdi və Jane Doe forması da qadınlar üçün uyğunlaşdırıldı.
Maraqlıdır ki, çox zaman Jane Roe (Ceyn Ro) ilə də qarşılaşmaq mümkündür və bu ad bəzən Jane Doe ilə qarışdırılır. Lakin Jane Roe xüsusi bir hüquqi işdə – 1973-cü ildə ABŞ-da abort hüququ ilə bağlı tarixi Roe v. Wade (Ro və Veyd işi) məhkəmə prosesində istifadə edilmiş təxəllüsdür. Gerçəkdə bu qadının adı sonradan Norma McCorvey olaraq üzə çıxdı. Onun təxəllüsü "Roe" olaraq seçilmişdi, çünki bu da "Doe" kimi anonimliyi qoruyan süni ad idi, lakin konkret işi simvollaşdırmaq üçün fərqləndirilmişdi.
Bugünkü gündə bu adlar yalnız hüquqi və tibbi sənədlərlə məhdudlaşmır. Bu ifadələr CV-lərdə, test formalarında, texnoloji sistemlərdə və proqramlaşdırma nümunələrində də anonim və ya nümunə şəxs adları kimi istifadə olunur. Bəzi hallarda hətta filmlərdə və seriallarda da bu adlara rast gəlmək mümkündür.
Bu ifadələr, bir cəmiyyətin hüquqi və inzibati sistemində anonimlik ehtiyacının simvoluna çevrilib.
Fərid Əlizadə
