Dövlət başçısı cənab İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin bu günlərdə Azərbaycana rəsmi səfəri zamanı verdiyi bəyanat bir çox tarixi məqamlarla yadda qaldı. Möhtərəm Prezident çıxışında vurğulamışdır ki, İtaliya bazarı həm neft, həm də təbii qaz ixracı baxımından Azərbaycan üçün birinci dərəcəli əhəmiyyət daşıyır. Belə ki, enerji sahəsində qurulmuş möhkəm tərəfdaşlıq artıq konkret nəticələrlə özünü göstərir. Ötən il Azərbaycanın ümumi təbii qaz ixracı 25 milyard kubmetr təşkil etmiş, bunun 9,5 milyard kubmetri məhz İtaliya bazarına yönəldilmişdir. Bu göstərici İtaliyanın Azərbaycanın əsas enerji tərəfdaşlarından biri olduğunu bir daha təsdiqləyir. Cənab Prezident bildirmişdir ki, aparılmış danışıqlar zamanı qaz ixracının həcminin daha da artırılması məsələsi geniş müzakirə olunmuşdur. Bu məqsədə nail olmaq üçün isə infrastruktur imkanlarının genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu kontekstdə Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən biri olan Trans Adriatik Boru Kəməri (TAP) layihəsinin genişləndirilməsi zəruri hesab olunur.
Qeyd olunmuşdur ki, artıq müəyyən genişləndirmə işləri həyata keçirilsə də, artan tələbat fonunda bu prosesin davam etdirilməsi vacibdir və tərəflər bu istiqamətdə birgə fəaliyyət göstərmək niyyətindədirlər. Ölkə başçısı nitqində eyni zamanda yeni əməkdaşlıq istiqaməti kimi hərbi-texniki sahəni də önə çəkmişdir. Bildirilmişdir ki, bu sahədə əməkdaşlıq perspektivləri kifayət qədər ümidvericidir və artıq konkret təşəbbüslər müzakirə olunmuşdur. Xüsusilə birgə layihələrin icrası, müdafiə sənayesi sahəsində birgə istehsalın təşkili, eləcə də İtaliya texnologiyalarının Azərbaycanın maliyyə resursları ilə birləşdirilməsi kimi məsələlər tərəflər arasında əməkdaşlığın yeni mərhələyə keçidini təmin edə bilər. Bu gün İtaliya bazarı Azərbaycan üçün yalnız enerji deyil, ümumilikdə iqtisadi əməkdaşlıq baxımından da böyük maraq doğurur.
Ciorcia Meloninin rəhbərliyi ilə İtaliya iqtisadiyyatının uğurla inkişaf etdiyi vurğulanmış və bu inkişafın yeni investisiya imkanları yaratdığı diqqətə çatdırılmışdır. Bu çərçivədə Azərbaycan Dövlət Neft Fondunun son illərdə İtaliya iqtisadiyyatına təxminən 3 milyard ABŞ dolları həcmində sərmayə yatırdığı qeyd edilmişdir. Bu yanaşma iki ölkə arasında iqtisadi əlaqələrin daha da dərinləşməsinə, qarşılıqlı faydalı tərəfdaşlığın möhkəmlənməsinə və uzunmüddətli strateji əməkdaşlığın davamlı inkişafına xidmət edəcəkdir.
Ziyafət Hüseynov
Neftçala rayonu
