İsveçrə: Kruizdə üç nəfər hantavirusdan ölüb

İsveçrə: Kruizdə üç nəfər hantavirusdan ölüb

Aytac Dəniz · Media ·

İsveçrədə MV Hondius kruiz gəmisində olmuş kişidə hantavirus aşkarlanıb. Xəstənin Cənubi Amerikadan qayıtdığı və hazırda müalicə aldığı bildirilib.

Redaksiya Associated Press və Ümumdünya Səhiyyə Təşkilatına istinadla xəbər verir ki, İsveçrə səhiyyə qurumları həmin şəxsin hantavirus testinin müsbət çıxdığını təsdiqləyib. Rəsmi açıqlamada onun gəmidə dəqiq hansı tarixlərdə olduğu bildirilməyib.

MV Hondius gəmisində daha əvvəl hantavirusla bağlı bir neçə yoluxma halı qeydə alınmışdı. ÜST-nin məlumatına görə, gəmidə ümumilikdə yeddi təsdiqlənmiş və ya şübhəli hal araşdırılır, üç nəfər isə həyatını itirib.

Cənubi Afrika səhiyyə orqanları bəzi sərnişinlərdə Andes ştamının müəyyən edildiyini açıqlayıb. Bu ştam digər hantavirus növlərindən fərqli olaraq insandan insana keçə bildiyi üçün hadisə beynəlxalq səhiyyə qurumları tərəfindən xüsusi nəzarətdə saxlanılır.

MV Hondius hazırda Kabo-Verde yaxınlığında saxlanılır və gəmidə tibbi yoxlamalar aparılır. Səhiyyə qurumları ümumi əhali üçün riskin aşağı olduğunu bildirsə də, gəmidə olmuş şəxslərin simptomlara diqqət etməsi və tibbi nəzarətdə qalması tövsiyə olunur.