İsrailin İrana qarşı olan əməliyyatları dərinləşib

İsrailin İrana qarşı olan əməliyyatları dərinləşib

Sevinc Kərimova · Hərbi ·

Qarşıdurma genişlənir və hər iki tərəf strateji obyektləri hədəf almağa davam edir. The Times nəşrinin yazdığına görə, İsrail artıq İranla müharibədə öz gücündən daha böyük bir yükün altına girdiyini anlamağa başlayır.

Redaksiya xəbər verir ki, İsrail ordusu İranın cənub-qərbində yerləşən hərbi infrastruktur obyektlərinə hücumlar həyata keçirdiyini açıqlayıb. Eyni zamanda, İranın Kirmanşah bölgəsində yerləşən pilotsuz uçuş aparatlarının (PUA) buraxılış qurğuları da İsrail aviasiyası tərəfindən vurulub.

İsrail ordusu əlavə məlumat yayıb ki, İsrailin Beyt Şean şəhərində bir binaya düşən PUA İran istehsalı olan “Shahed-136” modelidir. İsrail ordusunun hücumları yalnız hərbi obyektlərlə məhdudlaşmayıb — İsrail, Tehranda yerləşən Ayətullah Ruhullah Xomeyninin türbəsinin yaxınlığına da hava zərbələri endirib. Qeyd edək ki, həmin ərazidə Xomeyninin özü, həyat yoldaşı, oğlu və bir sıra tanınmış siyasi xadimlərin məzarları yerləşir.

İsrail ordusu vəziyyətin ağırlığını etiraf edərək bildirib: “Biz İsrail tarixinin ən mürəkkəb müharibələrindən birini yaşayırıq.” Gərginliyin artdığı bir vaxtda, İranın nüvə sahəsində çalışan tanınmış alimi Dr. Seyyid İsar Təbatəbai Qomşə və onun həyat yoldaşı İsrail tərəfindən təşkil olunmuş sui-qəsd nəticəsində qətlə yetirilib.

Hazırda bölgədə vəziyyət son dərəcə gərgindir və hərbi qarşıdurma yeni və təhlükəli mərhələyə daxil olur.

Sevinc Kərimova