Şahidlərin məlumatına görə, bu gün axşam saatlarında Qətərin paytaxtı Dohada bir neçə güclü partlayış səsi eşidilib. Şəhərin müxtəlif bölgələrindən qalxan tüstü buludları əhalidə təşviş yaradıb, təhlükəsizlik qüvvələri hadisə yerlərinə cəlb olunub.
Redaksiya xəbər verir ki, İsrailin Kanal 12 telekanalı partlayışların əsas hədəfinin HƏMAS rəhbərlərindən biri olan Xəlil əl-Həyyə olduğunu iddia edib. Həmin məlumatlara görə, hücum, hazırda Qəzzə ilə bağlı barış danışıqları aparmaq üçün Dohada olan HƏMAS nümayəndə heyətinə yönəlib.
Al Jazeera isə partlayışların HƏMAS rəsmilərinin toplantı keçirdiyi bölgədə baş verdiyini bildirib. Hadisədən sonra ərazi dərhal mühasirəyə alınıb və təhlükəsizlik tədbirləri gücləndirilib.
Rəsmi mənbələr hələlik hücumun səbəbləri və mümkün itkilərlə bağlı açıqlama yaymayıblar, lakin hücumun dronla həyata keçirildiyi deyilir. Lakin iddialar bölgədə gərginliyin artmasına səbəb olub. Qətər rəhbərliyinin yaxın saatlarda rəsmi mövqeyini açıqlayacağı gözlənilir.
Hadisənin təfərrüatları dəqiqləşdirildikcə əlavə məlumat veriləcək.
