İranda ölkə üzrə internetin və telefon rabitəsinin dayandırılması nəticəsində informasiya axını ciddi şəkildə məhdudlaşıb. Crash Report məlumat verir ki, mövcud vəziyyət ölkə daxilində və xaricində baş verən proseslər barədə məlumatların yayılmasını faktiki olaraq mümkünsüz edib.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, İran ərazisində bütün internet xidmətləri, mobil tətbiqlər və veb-saytlar fəaliyyətini dayandırıb. Müşahidələrə əsasən, ölkəyə məxsus Telegram kanalları uzun müddətdir yenilənmir və rəqəmsal platformalarda tam səssizlik yaranıb.
Bildirilir ki, telefon xətlərinin də deaktiv edilməsi nəticəsində əhali arasında əlaqə imkanları minimum səviyyəyə enib. Rabitə kəsintisinin nə qədər davam edəcəyi və hansı əsaslarla tətbiq olunduğu barədə rəsmi qurumlar hələlik açıqlama verməyib.
Mütəxəssislər hesab edirlər ki, rabitənin tamamilə dayandırılması ictimai təhlükəsizlik, informasiya azadlığı və humanitar vəziyyət baxımından ciddi risklər yaradır. Mövcud vəziyyət beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir.
