İran əsilli siyasi analitik Əli Əlizadə, Maks Blumentalın verlişinə qonaq olarkən İranın son illərdə qarşılaşdığı təzyiqlərin miqyasını hybrid müharibə çərçivəsində izah edərək Qərbin tətbiq etdiyi sanksiyaların ölkədə sosial narazılığı silaha çevirdiyini bildirib. Onun sözlərinə görə, İran faktiki olaraq “14 ildir mühasirə altında” saxlanılır və bu prosesin əsas məqsədi ölkənin iqtisadi dayanıqlılığını sarsıtmaqdır.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, ABŞ-nin Maliyyə Nazirliyi rəhbəri Skott Bessent bu siyasətin nəticələri barədə danışarkən dekabr ayında İran iqtisadiyyatında ciddi çökmə baş verdiyini “fərəhlə” qeyd edib. Bessentin sözlərinə görə, ölkədə böyük banklardan biri fəaliyyətini dayandırıb və Mərkəzi Bank vəziyyəti nəzarətdə saxlamaq üçün kütləvi şəkildə pul emissiyasına başlayıb. Bu açıqlama, analitiklərin fikrincə, sanksiyaların məqsədli şəkildə iqtisadi-sosial çətinliklər yaratdığını təsdiqləyir.
Analitik Əli Əlizadə bildirib ki, İranın neft ixracatını davam etdirmək üçün istifadə etdiyi “kölgə donanması”, qara bazarlar və məcburi şəkildə gizli bankçılıq mexanizmləri sanksiyaların ölkəni necə sıxdığını açıq şəkildə göstərir. Onun sözlərinə görə, bu mexanizmlər ölkəni tam iqtisadi iflasdan qorumağa xidmət etsə də, uzunmüddətli perspektivdə daxili sistem üçün ciddi risk yaradır.
Əlizadə əlavə edib ki, məqsəd iqtisadiyyatı boğmaq, infrastrukturun çökməsinə səbəb olmaq və yerdə qalan resursları zəiflətməkdir. Onun fikrincə, tətbiq edilən sanksiyalar və siyasi təzyiqlər kompleks şəkildə işləyərək ölkəni dərin sosial-iqtisadi böhrana sürükləmək üçün nəzərdə tutulub. Bu açıqlamalar bölgədəki gərginlik fonunda beynəlxalq müzakirələri daha da intensivləşdirib.
