İran prezidenti Məsud Pezeşkian, İsrailin son hücumları zamanı bəzi qonşu ölkələrin Tel-Əvivə dəstək verdiyinə dair iddiaların İranın təhlükəsizlik qurumları tərəfindən təsdiqlənmədiyini açıqlayıb. O, xalqın müqaviməti sayəsində İsrailin planlarının puça çıxdığını vurğulayıb.
Redaksiya xəbər verir ki, Gilan vilayətində keçirilən İdarəetmə Şurasının iclasında çıxış edən Pezeşkian, bəzi qonşu ölkələrin İsrailə hərbi dəstək verdiyinə dair iddiaların araşdırıldığını, lakin İran təhlükəsizlik qurumlarının bu barədə heç bir fakt aşkarlamadığını bildirib. Eyni zamanda qeyd edib ki, bəzi ölkələr əksinə, İrana yardım məqsədilə əsas ehtiyac malları göndərməyə hazır olduqlarını bəyan ediblər.
Pezeşkian, 12 gün davam edən qarşıdurmalarda İran xalqının nümayiş etdirdiyi birlik və müqavimətin həlledici rol oynadığını qeyd edərək deyib: “Nümunəvi uyğunluq və həmrəyliklə düşmənin uğursuz və mənasız planlarını xalq puç etdi. Dayandırılmış 12 günlük savaşın əsl qalibləri İranın güclü və iradəli xalqıdır.”
İran lideri Ayətullah Əli Xameneinin savaş dövründəki açıq təlimatlarının mühüm təsirindən bəhs edən Pezeşkian, “Rəhbərin aydın göstərişləri düşmənə ölümcül zərbə vurulmasına imkan verdi,” deyə əlavə edib.
O, qonşu ölkələrin İsraillə əməkdaşlıq etdiyi iddialarına isə belə cavab verib: “Bəzi şayiələrə rəğmən, ölkənin təhlükəsizlik qurumları tərəfindən qonşu ölkələrlə düşmən rejim arasında hərbi əməkdaşlığa dair heç bir sübut təsdiqlənməyib.”
Pezeşkian bu yanaşmanın İranın illərdir vurğuladığı “qonşularla yaxşı münasibətlər” siyasətinin bir nəticəsi olduğunu bildirib və daxili birliyə, regional qardaşlığa çağırış edib.
Nəhayət, ABŞ-la aparılan nüvə danışıqlarına da toxunan İran prezidenti, “Rəhbərlə məsləhətləşmədən heç vaxt qərar qəbul etmədik və etməyəcəyik,” deyərək, ölkənin xarici siyasətində son söz sahibi olaraq Xameneini göstərib.
Sevinc Kərimova
